Logo

“İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabı təqdim olunub - FOTO

05.12.2023 23:24 170 baxış
IMG

Gürcüstanın Qardabani rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimat mərasimi keçirilib.

"Tehsil.biz"in məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, elm adamları, və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kitabın müəllifləri Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Natəvan Cəfərova və elmi işçi Kamran Ramazanlıdır.

Tədbirdə Ümummilli Liderə həsr olunmuş fotosərgi nümayiş etdirilib. Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Coğrafiya İnstitutunun əməkdaşı Kamran Ramazanlı çıxış edərək bildirib ki, kitabı ərsəyə gətirməkdə əsas məqsəd Prezident cənab İlham Əliyevin Gürcüstan siyasətini təhlil etmək, Gürcüstan rəhbərliyinin iki qonşu və dost ölkənin əməkdaşlığı ilə bağlı fikirlərinə nəzər salmaq olub.

Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov çıxış edərək Azərbaycanda neft-qaz sənayesinin ölkə iqtisadiyyatındakı rolu və əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan xalqı yalnız XX əsrin sonlarında, müstəqillik qazandıqdan ‎sonra milli sərvətlərdən xalqının mənafeyinə uyğun bəhrələnmək imkanı ‎qazanıb.‎ Bu imkan isə 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev tərəfindən gerçəkləşdirilib. Onun rəhbərliyi ilə Azərbaycanın neft strategiyası işlənilib hazırlanıb. Bu strategiya hazırlanarkən əsas şərt kimi həm indiki, həm də gələcək nəsillərin maraqları nəzərə alınıb. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı enerji siyasəti də bu yolun uğurlu davamıdır.

Baş direktor çıxışının sonunda müəlliflərə təşəkkürünü bildirib, kitabın Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsində yeni bir töhfə olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən iştirakçılar kitabın əhəmiyyətindən danışaraq, Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin yürütdüyü Azərbaycanın yeni neft strategiyasının həm milli, həm regional və həm də qlobal fayda gətirən əlverişli inkişaf proqramı olduğunu xüsusi vurğulayıblar.

Qeyd edək ki, kitab Azərbaycan və gürcü dillərində nəşr edilib.

Xəbər lenti