Logo

Qələbəyə gedən yolda bütün dünya Azərbaycanın siyasi, hərbi və mənəvi gücünün şahidi oldu

08.04.2021 17:17 356 baxış
IMG

İllərdir qanayan yaramız,ağlayan gözümüz, sızlayan qürurumuz, həsrətli sevgimiz idi Qarabağ. 30 ildir bu sevgini qisasla yoğurub, ümidlə bəslədik! O gün gələcək dedik! Və gəldi!

 

İllərdir milli vətənpərvərlik ruhunda çəkilən filmlər, hazırlanan verilişlər, yazılan kitablar, məktəblərdə keçirilən dərslər Azərbaycan xalqının ürəyində vətən, torpaq, Qarabağ eşqini elə bir atəşlə alovlandırdı ki, bu eşqi Azərbaycanın üçrəngli bayrağını Xarı bülbülün vətəninə-Şuşaya sancmaqla bütün dünyaya nümayiş etdirdi bu xalq! Xüsusiylə Azərbaycan gəncliyinin, Azərbaycan ordusunun şücayəti, mərdliyi, vətən, yurd sevgisi, cəsarəti, dönməzliyi, qorxmazlığı, rəşadəti, birliyi, inamı, polad iradəsi bütün dünyanı heyran qoydu. Çox qürurlanıram ki, bu möhtəşəm qələbəyə gedən yolda Azərbaycan müəlliminin rolu danılmazdır. Nə yaxşı ki, biz torpaq, vətən, Qarabağ mövzularında keçirilən dərslərdə şagirdlərimizdə illərdir vətənə, bayrağa məhəbbət, düşmənə nifrət hisslərini layiqincə aşılamışıq. Məhz həmin uşaqlar bu hisslərlə böyüdülər, müqəddəs vətən torpağı üçün gözlərini belə qırpmadan, qorxu bilmədən, ölümün gözünə dik baxaraq “Ya Qarabağ, ya ölüm!” dedilər. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq 44 günlük Vətən müharibəsində zəfər çaldılar. Bu haqq savaşında şəhid olan qəhrəman oğullar Azərbaycan xalqının - bizim qürurumuzdur! O şir ürəkli oğullar bu möhtəşəm qələbəni öz qanları ilə tarixə yazdılar. İllər, əsrlər keçsə də bu xalq öz oğullarını unutmayacaq! 

 

Mübarizlərin, Poladların qısasını yerdə qoymayan Azərbaycan ordusunun bütün əsgər və zabitlərinə eşq olsun!
Əsgrlərimizin Zəfər paradından qürurla keçidi düşmənə göz dağı oldu. 3000 nəfərdən çox şəxsi heyyət, 150 dən çox hərbi texnika, o cümlədən müasir silahlar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər nümayiş olundu. Eyni zamanda düşməndən ələ keçirilən hərbi texnika nümayiş olundu. Bütün dünya Azərbaycanın siyasi, hərbi və mənəvi gücünün şahidi oldu! Prezident İlham Əliyevin Zəfər paradında səsləndirdiyi bu fikirlər qalib xalqın, qalib ordunun, qalib Ali baş komandanın qürur nidasi oldu!

 

“Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istəyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi!
Yaşasın rəşadətli Azərbaycan ordusu!
Qarabağ Azərbaycandır!”
Bu qələbəyə gedən yol xalqın və dövlətin birliyindən, prezidentimizin uğurlu siyasətindən, etibarli dostluqlardan keçdi. Əlbəttə ki, bu savaşda Azərbaycan xalqının, ordusunun yanında olan qardaş Türkiyə respublikasının başçısı Rəcəb Tayyib Ərdoğana və bütün türk xalqına minnətdarıq! Azərbaycan və Türkiyə qardaşlığı  bütün dünyada əsl dostluğun simvoludur.

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın mənfur düşməndən azad olunması hələ böyük qayıdışın başlanğıcıdır. İndi Azərbaycan dövləti və xalqımız düşmən vəhşiliyinə məruz qalaraq dağıdılan, viran qoyulan şəhərləri, kəndləri tədricən bərpa edərək bu torpaqları gülüstana çevirəcək. Ermənilər ona görə ögey münasibət göstərmişlər ki, bu torpaqlar heç vaxt onların olmayıb. Onlar bilirdilər ki, Azərbaycan xalqı gec tez öz torpaqlarına qayıdacaq. Öz ərazi bütövlüyünü bərpa edəcək. Çünki özgə torpağına göz tikənlər bu torpağa doğma ola bilməzlər, onu sevə bilməzlər. Biz izə onların viran qoyduqları torpaqlarımızı gözəlləşdirəcəyik, tikəcəyik, quracağıq,əkəcəyik, sevəcəyik, qoruyacağıq!  Çünki, VƏTƏNDİ!  Vətəni isə yalnız bu torpağa canı ilə, qanı ilə bağlı olanlar sevə bilər!

 

Şəmkir rayonu, Düyərli kənd 2 sayli tam orta məktəbin ibtidai sinif müəllimi İbrahimova İlhamə Fərhad qızı

Xəbər lenti