Logo

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib

09.04.2021 12:10 327 baxış
IMG

İctimai Şuranın növbəti iclası baş tutub.

 

Tehsil.biz xəbər verir ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın  iclasını açan şuranın Şuranın sədri professor Şahlar Əsgərov gündəlikdə duran məsələlər barəsində məlumat verdi.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadə “Təhsilin məzmunu zaman kontekstində” adlı təqdimatla çıxış etdi. Natiq bildirdi ki, təhsilin məzmunu zamandan asılıdır, cəmiyyət inkişaf etdikcə, təhsilin məzmununun bu inkişafa uyğun olaraq təkmilləşdirilməsinə ehtiyac yaranır. Bütün dövrlərdə belə olmuşdur, təhsilin məzmunu zaman-zaman təkmilləşərək bu günkü səviyyəyə gəlib çıxmışdır. O qeyd etdi ki, təhsilin məzmunu təhsilalanların həyata, peşəyə və təhsilin növbəti pilləsinə hazırlanması məqsədi üzərində köklənir. Bu istiqamətdə o inkişaf etmiş ölkələrdə ümumi təhsilin məzmunu istiqamətində qabaqcıl təcrübəyə diqqəti cəlb etmiş, məktəb sisteminin müxtəlif ölkələrdə özünəməxsuslulara malik olduğunu, lakin təhsilin məzmununun qeyd olunan məqsədlərin həyata keçməsinə istiqamətləndiyini bildirdi. Ölkəmizdə ümumi təhsil üç səviyyədə (ibtidai, ümumi orta, tam orta təhsil) həyata keçirilir. Təhsil haqqında qanunda hər bir təhsil səviyyəsinin özünəməxsus məqsədləri müəyyən edilsə də, xüsusən təhsilin ikinci və üçüncü səviyyələrində tədris edilən fənlər davamedici xarakter daşıyır, fənlərin tədrisi təhsilin ikinci səviyyəsində başlayır, üçüncü səviyyəsində başa çatır. Bu təhsil səviyyələrinin qarşısına qoyulan məqsədlərin reallaşmasını çətinləşdirir. Natiq, bu fikrə əsaslanaraq, təhsilin məzmununun, günün tələblərinə uyğun olaraq, təkmilləşməyə ehtiyac yarandığını vurğuladı. Onun fikrincə, ümumi təhsilin ikinci və üçüncü səviyyələrində tədris edilən fənlərin məzmun baxımından tətbiqi - həyatda hamıya lazım olan biliklər və nəzəri - müəyyən bir ixtisasa hazırlıq baxımından zəruri olan biliklər olaraq, iki hissəyə bölməyi təklif edir. O tətbiqi biliklərin ümumi orta, nəzəri biliklərin isə tam orta təhsil səviyyəsində tədris edilməsini məqsədəuyğun hesab edir. Məsələnin belə qoyuluşu tam orta təhsil səviyyəsində təmayüllləşmənin həyata keçirilməsini aktuallaşdırır. Natiqin fikrincə, təhsilin məzmununun belə təşkili təhsil qarşısına qoyulan məqsədlərin reallaşması üçün yeni üfüqlər açır.

 

İclasda qonaq qismində iştirak edən Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, İctimai Şuranın sədri Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, məsul katib İlqar Orucov, şura üzvlərindən əməkdar müəllim Asif Cahangirov, Mayis Əliyev, Mirzə Cəfərzadə çıxış edərək mövzu ilə bağlı münasibətlərini ifadə etdilər. Daha sonra iclasda bəzi cari məsələlərə baxıldı.

Xəbər lenti