Logo

Beynəlxalq aləm və 44 günlük Vətən müharibəsi...

10.04.2021 16:38 313 baxış
IMG

Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Şanlı Azərbaycan ordusu təcavüzkar Ermənistanın 6 il ərzində apardığı müharibə ilə işğal etdiyi torpaqları cəmi 44 gün ərzində işğaldan azad etmişdir. Bu tarixi qələbə həmçinin Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırdı. Məhz Azərbaycanın uğurlu diplomatik siyasəti və torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə Cənubi Qafqazı əvvəlkindən daha təhlükəsiz regiona çevirmişdi.

 

Müharibənin davam etdiyi 44 gün ərzində beynəlxalq hüquq hər zaman haqlı olan tərəfdə, yəni Azərbaycanın yanında olmuşdur. Xüsusilə iri dövlətlərin bizi dəstəkləməsi, həmçinin Ermənistanın himayədarı kimi çıxış edən bəzi dövlətlərin Azərbaycana göstərdiyi ədalətsiz təzyiqlərin uğursuz olmasının bir neçə səbəbi var idi. Buna nail olmaq üçün Azərbaycan çox uzun və çətin bir yol qət etmişdi. Başda dövlət başçısı cənab prezident İlham Əliyev olmaqla, Azərbaycanın hökümət nümayəndələri və diplomatları hər zaman siyasi arenalarda beynəlxalq ictimaiyyəti Ermənistanı münaqişənin təcavüzkar tərəfi olduğuna və onun region üçün böyük təhdid olduğuna inandıra bilmişdi. Eyni zamanda informasiya müharibəsinin düzgün təşkilidə əsas və həlledici amillərdən biri idi. Müharibə dövründə dövlət başçısı müxtəlif ölkələrdən olan media nümayəndələrinə və mətbuat orqanlarına müsahibələr vermişdi. Prezident İlham Əliyev müsahibələrində dəfələrlə Azərbaycanın öz torpaqlarında vuruşduğunu, bizim işimizin haqq işi olduğunu və tezliklə ərazi bütövlüyümüzü bərpa edəcəyimizi bildirmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, artıq dünyada “güclüsənsə haqlısan” məntiqi hökm sürür. Buna əsasən əminliklə deyə bilərik ki, Azərbaycanın son dövrlərdəki sürətli sosial-iqtisadi və siyasi inkişafı, güclü ordu təchizatı dünya ölkələrini ədalətsiz mövqe göstərməkdən çəkindirmiş və bizi dəstəkləməyə məcbur etmişdir.

 

Vətən müharibəsində qazanılan qələbə bir faktı da sübut etdi ki, başda ümumilli lider Heydər Əliyev olmaqla 1993-cü ildən bu tərəfə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı bütün uğurların kökündə xalq-iqtidar birliyi dayanır.

 

Qeyd etmək lazımdır ki, Azərbaycan münaqişə başladığı gündən problemin sülh yolu ilə həllinə çalışırdı. Lakin BMT, ATƏT və s. kimi bir sıra beynəlxalq təşkilatların dırnaqarası sülh yaratmaq cəhdləri mənasız xarakter daşımışdır. Əksinə bu cür cəhdlər işğalçı Ermənistana daima öz mənfur əməllərini davam etdirə bilmələri üçün vaxt qazandırmışdır. Xüsusilə ATƏT-in Minsk qrupunun işğalçı ölkənin qanunsuz fəaliyyəti ilə bağlı qəti addımlar ata bilməməsi bu qurumun lazımsız olduğunu dəfələrlə nümayiş etdirmişdir. Müzəffər Azərbaycan ordusunun haqq savaşına başladığı gündən etibarən məğlub vəziyyətə düşən terrorçu Ermənistan höküməti bir çox dünya liderlərinə və beynəlxalq təşkilatlara dəfələrlə yalvararaq proseslərə mane olmağa çağırmışdır. Maraqlısı isə budur ki, 2020-ci il iyulun 12-də düşmən ölkənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə-Tovuz istiqamətində əvvəlcədən planlaşdırılmış hücum cəhdindən keçən 3 ay ərzində susan ATƏT-in Minsk qrupu birdən-birə Dağlıq Qarabağ münaqişəsinə diqqət ayırmağa başlamışdır. Xüsusilə regiondakı vəziyyəti müzakirə etməyə başlaması böyük təəccüb doğurmuşdur. Eyni zamanda, bildiyimiz kimi BMT işğalçıların zəbt etdiyi torpaqlarımızdan dərhal çıxarılması ilə bağlı 4 qətnamə qəbul etmişdir. Lakin illərdir ki, Ermənistan BMT-nin bu sənədlərinə laqeyd yanaşırdı, bu isə bu sənədlərin lazımsız kağızdan başqa heç bir rol oynamadığını açıq-aşkar göstərirdi. Hətta, bununla belə BMT TŞ-nin daimi üzvləri işğalçının zəbt etdiyi Azərbaycan ərazilərini tərk etmələrini əsaslı surətdə tələb etmirdilər. Üstəlik TŞ-nin 5 üzvündən 3-ü birbaşa münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləridirlər. Bu isə onların problemin həllində daha çox məsuliyyət daşıdığı anlamına gəlirdi. Halbuki vaxtilə Birləşmiş Millətlər Təşkilatı yaradılarkən onun dünyanın bir çox siyasi, geosiyasi və təhlükəsizlik məsələlərini həll edəcəyinə inam çox idi.

 

Lakin bugünkü reallıq sübut etdi ki, Azərbaycanın öz topraqlarını işğaldan azad etmək üçün heç bir dövlətin və yaxudda beynəlxalq qurumun köməyinə ehtiyacı yoxdur, çünki bizim kifayət qədər güclü ordumuz var və istənilən an bu torpaqların müdafiəsinə qalxacaq xalqımız, cəsur övladlarımız var. Azərbaycan dövləti başda cənab prezident İlham Əliyev olmaqla daima problemin həllində humanist mövqe nümayiş etdirdi, 30 il səbrlə Ermənistanın dinc yolla torpaqları qaytaracağını gözlədi. Ancaq sözdə sülh tərəfdarı olan beynəxalq təşkilatlar və Ermənistanı himayə edən dövlətlər 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhd göstərirdilər. Həmçinin təcavüzkar Ermənistan höküməti də bu müddəti fürsətə çevirərək öz riyakar fəaliyyətini davam etdirirdilər. Nəticə isə açıq-aşkar ortadadır. Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış əfsanəni cəmi 44 gün ərzində məhv etdi. Bu möhtəşəm qələbə bütün beynəlxalq qurumları və xarici qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa məcbur etdi. Çünki Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və sübut olundu ki, Qarabağla bağlı heç bir qurum və ya heç bir dövlət Azərbaycanın razılığı olmadan qərar qəbul edə bilməz!!!

 

Elnur Əbilov,

BDU-nun Tarix fakültəsinin müəllimi

Xəbər lenti