Logo

"Torpağında insan yaşar", deyən bilgə - Ramiz Əskər! 

22.05.2024 21:37 438 baxış
IMG

Dəyərli Bilgəmiz Ramiz Əskər ziyalılığı ilə cəmiyyətə, elmi ilə xalqa hələ çox gərək idi. Xəstəhal olsa da daim milli-mənəvi dəyərlər yolunda, xalqın soykökünün dərki istiqamətində usanmadan çalışır, külüng vururdu. Türkmən qəhrəmanlıq dastanı olan "Goroğlu"nun (Koroğlu) ilk cildini bacısı Nailə xanım Əskərlə bərabər tərcümə edib, tamamladığını feysbuk üzərindən bildirmişdi: "...İndi ön söz yazıram. Bu cilddə 13 boyun tərcüməsi var. 2-ci cilddə 18 boyun tərcüməsi olacaq.

Möhtəşəm bir əsərdir. Ancaq nəşr üçün vəsait yoxdur... Qalanını siz düşünün. Təxminən 3 min manat lazımdır..." Ramiz Əskər işin ən çətin mənəvi tərəfini həll etmişdi. Qalırdı maddi tərəfi. Yadıma bilirsiniz nə düşür? Rəhmətlik Şirməmməd Hüseynovun bugünlə səsləşən fikirləri: Abbas Səhət qəzetlərdə elan verir ki - "ay camaat gəlin yardım edin Mirzə Ələkbər Sabirin kitabını çap etdirək". Görünən odur ki, o gündən bu günə heçnə dəyişməyib. Bircə elanın şəkli dəyişib: qəzet səhifəsindən internet səhifəsinə daşınmaqla. 

Ramiz müəllim son zamanlar feysbukda ara-sıra statuslar paylaşırdı. Bunların birində ünvanına çoxsaylı xoş sözlər səsləndirilmişdi. Təvazökarlıq, sadəlik və alicənablıqla şəxsinə ünvanlanan dəyərli fikirləri qəbul etməyib, onun məsuliyyətli məsələ olduğunu bildirmişdi. Ramiz Əskər məsuliyyətini tez-tez vatsap statusunda sevərək bölüşdüyüm "Su pərisi" şeirində də hiss etmişdim. Ramiz müəllim həmin şeiri Bakı Dövlət Universitetinin auditoriyasının birində səsləndirir. Bu anı telefon yaddaşına, sonra da tarixin arxivinə köçürən tələbəyə çox təşəkkür edirəm. Həmin şeirdə deyilir:

Ağ köpükdən sırğaları,
Gümüş kimi ağ dərisi,
Yarıb gəldi dalğaları,
Yоsun saçlı su pərisi.

Heyrət ilə baxdım оna,
Alоvlanır içərisi,
Aşiq оlub bir insana,
Eşqə düşüb su pərisi.
 
Dedi: "Sevdim bu adamı",
Gördüm о bir eşq dəlisi,
"Оlmaz məndən su adamı",
Dinləmədi su pərisi.

Dedim оna: "Məndən vaz keç,
Ürəyimdə var birisi,
Öz sоyundan birini seç,
Sev оnu sən, su pərisi.

Bu dünyanın hər şeyi var,
Uçarısı, köçərisi,
Tоrpağında insan yaşar,
Sularında su pərisi".

Dedi: "Daha sevgi bitdi,
Yox könlümün müştərisi!" 
Göy sularda gözdən itdi,
Qəlbi sınan su pərisi.

Bir səs qоpdu dоdağımdan,
Fəryad, nida: "Su pərisi!" 
Dönüb öpdü yanağımdan,
"Get, əlvida, su pərisi!" 

Оndan sоnra görünmədi
Nə ölüsü, nə dirisi,
Hara getdi, bilinmədi,
Yоxa çıxdı su pərisi.

Şeiri bütövlükdə ona görə paylaşdım ki, ziyalı ömrünə hazırladığım yazı ilə nəzər salan oxucu şeirlə tanış olsun. Qoy, bədii-ədəbi-estetik zövqü tərəqqi eləsin. Şeirin aşağıdakı sətirlərində bəşəriyyətdə var olan canlıların tutduğu mövqe, vəzifə açıq şəkildə oxucuya çatdırılır:

Bu dünyanın hər şeyi var,
Uçarısı, köçərisi,
Tоrpağında insan yaşar
Sularında su pərisi

Şeirin bu misrası heç ağlımdan silinmir. Eləbil, düşüncə "qayası" üzərinə həkk olunub.  "Torpağında insan yaşar" ifadəsi, sanki M.A.Ərsoyun "İstiqlal marşı"ndakı "...Basdığın yerləri “torpaq” deyib keçmə, tanı!.." sətirlərindən doğan gücdən alırdı...

Vətən torpaqlarının azadlığı Ramiz Əsgəri də xoşbəxt etmişdi. Ancaq çox təəssüf... Yaradıcılığının mayasını xalqın kökündən alan böyük alim babalarımızın həsrətlə dünyadan köçdüyü Qərbi Azərbaycanın - Dərələyəzini, Qafanını, Göyçəsini, Vedibasarını görə bilmədi.

Özümə ünvanlı xüsusi qeyd: Ötən illərdə əməkdar jurnalist, əziz müəllimim Qərənfil Dünyaminqızının məqaləsinə yazdığım fikirləri oxuyan Ramiz Əskər öz təbrikini Qərənfil müəlliməyə çatdırmışdır. Ancaq unutqanlıq edib, bu təbriki Qərənfil müəlliməyə bildirməmişdim. İndi yadıma düşəndə çox təsirləndim.

Digər bir məqam da var. Mühacirşünas alimimiz Abid Tahirli hər dəfə tələbələrinə milli dəyərləri, xalq ziyalılarını tanımaqları üçün suallar verir. Günlərin birində bizdən soruşdu ki, "Ramiz Əskəri tanıyırsınızmı?". Tələbələr arasında cavab elə də ürəkaçan olmadığı üçün baş verənlər müəllimimizə xoş təsir etmədi. Jurnalistika fakültəsində təhsil alan tələbənin üstünlüyü ondadır ki, müəllimlərimizdən dərsdən əlavə milli-mənəvi dəyərləri, məsələləri dərk etməyi, ziyalıları tanımağı da öyrənirik...

Əsgər İsmayılov

Xəbər lenti