Logo

"Su ehtiyatlarından səmərəli və qənaətli istifadə" mövzusunda vebinar

15.04.2021 17:02 231 baxış
IMG

Aprelin 15-də "Su ehtiyatlarından səmərəli və qənaətli istifadə" mövzusunda vebinar keçirilib. Ekoloji Biliklər Gününə həsr olunan vebinar Təhsil və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı, IDEA İctimai Birliyinin dəstəyi ilə baş tutub.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov dünyada su probleminin ciddi hal aldığını qeyd edib. Nazir müavini bildirib ki, qloballaşmanın  nəticəsi olaraq iqlim dəyişiklikləri su ehtiyatlarına çox ciddi təsir göstərir. Azərbaycanda su ehtiyatları ilə bağlı problemlərin həlli istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər görüldüyünü vurğulayan Firudin Qurbanov  davamlı sosial-iqtisadi inkişafda su ehtiyatlarının istifadə və mühafizəsi məsələsinin əsas rol oynadığını da əlavə edib.

 

Ekoloji təhsilin əhəmiyyətindən danışan nazir müavini bildirib ki, bu, müasir qlobal konteksdə ətraf mühitin mühafizəsi, yer kürəsinin davamlı inkişafına nail olmaq üçün ən vacib məqamlardan biri kimi qəbul olunur. Firudin Qurbanov su ehtiyatlarından səmərəli istifadə məqsədilə  məktəblilər və müəllimlər üçün təşkil edilən maarifləndirici tədbirlər barədə də iştirakçılara məlumat verib.

 

Nazir müavini çıxışının sonunda vebinarın uşaq və gənclərin ekoloji tərbiyəsinə töhfə verəcəyinə ümidvarlığını ifadə edib.

 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev su ehtiyatlarının səmərəli istifadə və mühafizəsindən danışıb. Bütün dünyada olduğu kimi ölkəmizdə də su probleminin aktual olduğunu deyən nazir müavini su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planından söz açıb. Firdovsi Əliyev Təhsil Nazirliyi ilə birgə sudan qənaətli və səmərəli istifadəyə dair  həyata keçirilən tədbirlər çərçivəsində marrifləndirici materiallar hazırlandığını, təlimlər keçirildiyini qeyd edib. Nazir müavini  bildirib ki, bu təlimlərin əsas məqsədi su probleminə diqqəti çəkmək, su itkilərinin qarşısının alınmasında ictimaiyyətin, uşaqların məlumatlandırılması olub. Firdovsi Əliyev bu cür tədbirlərin ardıcıl davam etdirildiyini vurğulayaraq hazırda işğaldan azad olunumuş ərazilərdə başladılan “Yaşıl marafon” tədbirindən də söz açıb.

 

Tədbirdə iştirak edən IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov 15 aprel – Ekoloji Biliklər Gününün tarixindən danışıb. Surxay Şükürov bildirib ki, ekoloji fəallılıq tək bir aksiya ilə bitməli deyil, dayanıqlı və məsuliyyətli bir akta çevrilməlidir.  Surxay Şükürov deyib ki, ətraf mühitə qayğı ilə yanaşmalı, israfçılığa yol verməməliyik, eyni zamanda ekoloji problemlərin həlli üçün qüvvələr birləşdirilməli, məqsəd bir olmalıdır. Surxay Şükürov birlik tərəfindən su resurslarının qorunması istiqamətində görülən ictimai maarifləndirmə tədbirlərindən də söz açıb.  

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Fəridə Ələkbərova “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə sahəsində görülən işlər və maarifləndirmə tədbirləri” mövzusunda təqdimatla çıxış edib.

 

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə də öz növbəsində “Azərbaycanda su problemləri və səmərəli istifadəsi istiqamətində məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclər arasında maarifləndirmə proqramlarının təşkili” mövzusunda təqdimatla çıxış edərək keçirilən maarifləndirici tədbirlər barədə məlumat verib.

 

Sonda vebinarda iştirak edən şagirdlərin çıxışları dinlənilib, sualları cavablandırılıb.

Xəbər lenti