Logo

Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib

12.06.2024 16:29 136 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda “Cənubi Xəzər çökəkliyində məhsuldar qat çöküntülərinin karbohidrogen ehtiyatlarının və resurslarının qiymətləndirilməsində geoloji risklərin azaldılması” mövzusunda ümumrespublika elmi seminarı keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Mövzu üzrə məruzə edən SOCAR-ın baş ofisində Yataqların qiymətləndirilməsi və karbohidrogen ehtiyatlarının idarə edilməsi şöbəsinin rəis müavini Elvin Əhmədov bildirib ki, Azərbaycanın karbohidrogen resurslarının əsas hissəsi Cənubi Xəzər çökəkliyində yerləşən yataqları ilə təmin edilir və məhsuldar qat çöküntüləri ilə əlaqədardır. Mövcud neft və qaz ehtiyatlarının və resursların qiymətləndirilməsi, eləcə də mənimsənilməyə cəlb edilməsi respublikamızın gələcək inkişafında əhəmiyyətli dərəcədə rol oynayır. Perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin layihələndirilməsi geoloji, geofiziki, geokimyəvi, tektonik və s. tədqiqatlarla yanaşı, müasir geoloji-riyazi üsulların tətbiqi ilə hövzədə aparılmış axtarış-kəşfiyyat işlərinin, neft-qazlılığın və struktur-tektonik quruluşun təhlili, karbohidrogen ehtiyatlarının və resurslarının dəqiqləşdirilməsi, geoloji risklərin qiymətləndirilməsi və azaldılması yollarının əsaslandırılması aktualdır.

Elvin Əhmədov diqqətə çatdırıb ki, tədqiqat zamanı yataqlar və perspektiv strukturlar üzrə kompleks geoloji-geofiziki, geoloji-mədən və işlənmə göstəriciləri sistemləşdirilib, təhlil edilib, Cənubi Xəzər çökəkliyində aparılmış kompleks geoloji-geofiziki tədqiqatlar, axtarış-kəşfiyyat işləri təhlil olunaraq hövzənin qeyri-müəyyənliklərlə xarakterizə olunan sahələri seçilib. Nəticədə bütün hövzə üzrə geoloji risk xəritəsini tərtib etmək mümkün olub. Müəyyən edilib ki, tədqiq edilən sahədə karbohidrogen ehtiyatlarının həcminə ilk növbədə sahə, effektiv qalınlıq və nisbətən daha az digər lay və flüid parametrləri təsir edir. Hövzədə axtarış-kəşfiyyat işlərinin aparılmasının və yataqların işlənməyə cəlb edilməsinin növbəlilik prinsipləri yeni işlənmiş təsnifat modeli vasitəsilə tədqiq olunub. Təsnifat modelinin üstünlüyü ondan ibarətdir ki, o, çoxölçülü parametrlərə (sahələrdə dənizin dərinliyi, tektonik blokların sayı, bazis horizontların dərinliyi, işlənmə obyektlərinin sayı - çoxlaylılıq və karbohidrogen ehtiyatlarının həcmi) görə tərtib edilib.

Məruzəçi vurğulayib ki, hazırlanmış model əsasında axtarış-kəşfiyyat işlərinin aparılmasının və yataqların işlənməyə cəlb edilməsinin növbəliliyi müəyyənləşdirilib. Bunlar da risklərin azaldılması yolu kimi problemin həllini reallaşdırıb.

Sonda çoxsaylı suallara aydınlıq gətirilib, məruzə ətrafında çıxışlar dinlənilib, rəy və təkliflər səsləndirilib.

Elmi seminar institutun direktoru akademik Akif Əlizadənin tövsiyələri ilə yekunlaşıb.

Xəbər lenti