Logo

"ADA Universitetində keçirilən beynəlxalq konfransın böyük əks-sədası olacaq" - Ceyhun Məmmədov

16.04.2021 17:25 431 baxış
IMG

Xəbər verildiyi kimi, aprelin 13-də Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edib. Dövlət başçısı konfransda çıxış edib, beynəlxalq ekspertlərin suallarını cavablandırıb.

 

Beynəlxalq və yerli ekspertlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında sözügedən konfransın əhəmiyyətini yüksək dəyərləndirirlər.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, bu konfransın çox böyük əhəmiyyəti var: “Aprelin 13-də orada səsləndirilən fikirlər, Prezident İlham Əliyevin toxunduğu məqamlar Azərbaycan həqiqətlərinin təbliği baxımından xüsusi önəm daşıyır. Burada ölkəmizlə bərabər, Türkiyə, Pakistan, ABŞ, dünyanın ayrı-ayrı dövlətlərindən də bir çox ekspertlər iştirak edirdilər. Onların bir çoxu öz ölkələrindəki beyin mərkəzlərində çalışırlar. Onların arasında araşdırmaçılar, müxtəlif böyük qurumların nümayəndələri var. Burada Prezident İlham Əliyev dünya ictimaiyyətini maraqlandıran bir çox məsələlərə münasibətini bildirdi. Yəni, ATƏT-in bugündən sonrakı fəaliyyəti, Ermənistanla əməkdaşlıq, “İsgəndər-M” raketinin atılması və sair. Burada bir neçə mühüm məqam var. Bu məqamlardan birincisi Azərbaycan həqiqətlərinin təbliği, eyni zamanda, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması, həmçinin Azərbaycanın Türkiyə və Pakistanla münasibətlərinin inkişafı ilə bağlı bir çox regional məsələlər də öz əksini tapdı. Yəni, müharibə dövründə baş verən hadisələr, xüsusilə də işğalçı Ermənistanın apardığı yanlış xarici siyasət, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik münasibəti diqqətə çatdırıldı.”

 

C.Məmmədov vurğulayıb ki, bu konfransın böyük əks-sədası olacaq: “Sözügedən konfransda bu ekspertləri düşündürən bir çox məsələlərə, suallara cavablar verildi. Onlar artıq ölkələrinə qayıtdıqdan sonra müxtəlif mətbu orqanlarda, sosial şəbəkələrdə bu həqiqətlər barədə öz təbliğatlarını aparacaqlar. Biz bunu artıq görürük. Ümumiyyətlə, düşünürəm ki, bizim 44 günlük müharibədən sonrakı dövrdə keçirdiyimiz ən uğurlu tədbirlərdən biri də ADA Universitetində baş tutan beynəlxalq konfransdır. Yenə də qeyd edirəm ki, burada çox dəyərli mütəxəssislər, alimlər, Azərbaycanı sevənlər iştirak edirdilər. Cənab Prezident bu konfransda həm regional, həm də ki, beynəlxalq məsələlərə son dərəcə peşəkar bir siyasətçi kimi münasibət bildirdi. Orada aydın şəkildə hiss olunurdu ki, qonaqların çoxu böyük heyranlıqla Prezident İlham Əliyevin bu məsələlərə peşəkar münasibət bildirməsini və hazırlıqlı olmasını görürdülər və bunu çox yüksək qiymətləndirirdilər. Qeyd etdiyim kimi, onlar ölkələrinə döndükdən sonra da bununla bağlı çıxışlar edəcək, fikirlər bildirəcək, məqalələr hazırlayacaqlar.”

Xəbər lenti