Logo

Qarabağdan gələn səs...

18.04.2021 13:38 286 baxış
IMG

Qarabağdan gələn səs...

 

Əziz anam! Əvvəla salam. İkincisi, səni boynubükük qoyduğum üçün üzr istəyirəm. Məzarım başında ağladığını görəndə necə əzab çəkdiyimi təsəvvür belə edə bilməzsən. Hələ atamın silə bilmədiyim göz yaşları, çarəsiz baxışları... Hava ayazlı-şaxtalı olanda məndən ötrü nigaran olmayın. Sizin sevginiz sayəsində üşümürəm. Şəhid olduğum günə qayıdaq, ana. O qədər sevincli idim ki... Azad etdiyimiz hər qarış torpaq bizə elə güc, elə ruh verirdi ki... Qarabağla bağlı nə qədər deyiləsi sözlərim qaldı ürəyimdə. Bir də sizi nə qədər çox istədiyimi deyə bilməmək... Bilirəm, deməsəm də bilirsiniz bir Vətənimi, bir də sizi nə qədər çox sevdiyimi... Güllə dəydi, gözlərim qaralmağa başladı. Günəşin şəfəqləri o qədər zəiflədi ki, şam işığına döndü sanki. Dizlərim qatlandı. Torpağa yıxılarkən tək nigaranlığım anam idi. Alacağı son nəfəsə qədər dağ boyda dərd qoyub getdiyimi anladım. Silə bilməyəcəm göz yaşlarını, ana. Amma həmişə yanında olacağıma söz verirəm. Sən məni görməsən də mən sənə həmişə yaxın olacağam. Güllələr elə şığıyırdı ki, torpaq qoxusun son dəfə nəfəsimə çəkməyə belə macal vermirdi. Sığalladığım torpaqdan incə bir çiçəyi barmağımla dərdim. Bir əlimdə silah, birində çiçək... Qarabağdan güllər ərmağan edəcəydim anama... Həyat beləcə bitdi. Mərd yaşadı oğlun, ana. Cəsarətlə də şəhid oldu. Məni gözləməyin... Sağ olun.

 

Günel Yaqub

Xəbər lenti