Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi son illər istedadlı şagirdlərin aşkar olunması və onların potensialından məqsədyönlü istifadə edilməsi istiqamətində bir sıra layihələr həyata keçirir. Bu layihələr çərçivəsində Bakı Dövlət Universitetində (BDU) Əməkdar müəllim, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayevlə görüş keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşün keçirilməsində məqsəd şagirdlərdə nazirliyin, Təhsil İnstitutunun həyata keçirdiyi layihələrə, olimpiada hərəkatına marağının gücləndirilməsidir.
Görüşdə “Gənc istedadlar” liseyinin elmə, biliyə xüsusi həvəsi olan şagirdləri və müəllim kollektivi iştirak edib.
Liseyin direktoru Fuad Babayev məktəblilərin beynəlxalq və Respublika fənn olimpiadalarına, "Sabahın alimi" və digər müsabiqələrə hazırlığının əhəmiyyətindən söz açıb.
Sonra Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev istedadlı uşaqların aşkara çıxarılması ilə bağlı görülən işlər, beynəlxalq və Respublika fənn olimpiadalarının keçirilmə mexanizmi, formatı haqqında şagirdlərə məlumat verib.
Sonda şagirdlərin sualları cavablandırılıb.