Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunda Fizika və Texniki fənlər fakültəsi ilə Pedaqoji fakültə birlikdə “Məişət zorakılığı və İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir təşkil edib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbiri giriş sözü ilə açan Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva bildirib ki, 10 oktyabr 2006‐cı il tarixində Azərbaycan Respublikasının “Gender bərabərliyinin təminatları haqqında” Qanunu qəbul edilib. Bundan başqa Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş “İnsan alverinə qarşı mübarizə” Qanunu da var. Prorektor diqqətə çatdırıb ki, qeyd olunanlara əlavə olaraq 22 iyun 2010‐cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Keçirilən tədbirin məqsədi də bu sahədə gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedurlar və şərtlərlə tanış etməkdir. Çıxışda o da nəzərə çatdırıldı ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən geniş miqyaslı tədbirlər həyata keçirilir. Gənclər hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq durmağa çağırılır. O da vurğulanıb ki, cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün səylərini birləşdirməlidir.
Tədbirdə Psixologiya kafedrasının baş müəllimi İlham Məmmədov, Rus dili kafedrasının dosenti Kubra Ələkbərova, I kurs tələbələri Ülviyyə Məmmədli və Aysun Abdullayeva mövzu ilə bağlı çıxışlar ediblər.
Tədbirin davamında maarifləndirici videoçarx nümayiş etdirilib.