Logo

BSU-da “İnklüziv təhsil həftəsi”yekunlaşıb

24.02.2025 12:01 85 baxış
IMG

TƏHSİL.BİZ xəbər verir ki, fevralın 17-dən 21-dək Bakı Slavyan Universitetində (BSU) inklüziv təhsilin təşviqi və bu sahədə maarifləndirmənin artırılması məqsədilə “İnklüziv təhsil həftəsi” çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Tədbirlər universitet tələbələri və müəllim heyəti ilə yanaşı, sosial və təhsil sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirərək inklüziv yanaşmaların əhəmiyyətinə diqqət çəkib.

Tədbirlər çərçivəsində keçirilən əsas fəaliyyətlər:

1. STEAM İnnovasiya Mərkəzinə ekskursiya

Fevralın 17-də BSU tələbələri və müəllim heyəti Autizm Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqları ilə birlikdə STEAM İnnovasiya Mərkəzinə ekskursiya ediblər. İştirakçılar aviasiya, robot texnologiyaları, 3D hologram və VR zonaları ilə tanış olaraq inklüziv təhsilin innovativ mühitdə tətbiq imkanları barədə məlumatlandırılıblar.

2. “Uşaqlıq dövrü psixopatologiyaları” mövzusunda seminar Həmin gün klinik psixoloq Milana Həsənovanın təqdimatında baş tutan seminar zamanı uşaqlarda rast gəlinən psixopatologiyalar, onların diaqnostikası və müdaxilə üsulları müzakirə olunub. Seminar interaktiv formatda keçirilib, tələbələr qrup işləri vasitəsilə əldə etdikləri bilikləri praktik olaraq tətbiq ediblər.

3. Autizm Mərkəzinə ekskursiya Fevralın 18-də təşkil olunan ekskursiya zamanı tələbələr mərkəzin fəaliyyəti, ABA əsaslı fərdi təlim planları və xüsusi təhsil metodları ilə yaxından tanış olublar. Bu tədbir tələbələrə nəzəri biliklərini praktik mühitdə tətbiq etmək imkanı yaradıb.

4. Brayl əlifbası təlimi və “Be My Eyes” tətbiqinin təqdimatı Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə təşkil olunan tədbirdə iştirakçılar Brayl əlifbasının əsaslarını öyrənib, görmə məhdudiyyətli şəxslərin gündəlik həyatını asanlaşdıran “Be My Eyes” mobil tətbiqinin funksionallığı ilə tanış olublar.

5. “İnklüziv təhsildə linqvistik fərqlilik” mövzusunda beynəlxalq vebinar Koszalin Universitetinin professoru Adam Jagiello-Rusilowskinin iştirakı ilə keçirilən onlayn vebinarda müxtəlif linqvistik mühitlərdə inklüziv təhsilin təşkili və çoxdilliliyin təhsilə təsiri müzakirə olunub.

 

 

 


 

Xəbər lenti