Logo

Gənclərin çillə və boz ay barədə elementar təsəvvürləri YOXDUR

27.02.2025 13:49 109 baxış
IMG

“Elə hisslər var ki, insana qanla, genlə keçir, amma bunu əsas tutub təhsil sistemində milli ənənələrimizin öyrədilməsinə yer verilməməsi qəbuledilməzdir”.

Bu sözləri TƏHSİL.BİZ -ə adət-ənənələrin gənclər tərəfindən getdikcə unudulması və təhsil sahəsində sözügedən mövzuya yetəri qədər diqqət göstərilməməsi haqqında danışarkən təhsil eksperti Nadir İsrafilov bildirib.  

O qeyd edib ki, məktəbin vəzifəsi bu hissləri üzə çıxarmaq və daha da inkişaf etdirməkdir:

"Onu da qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq təhsil sisteminin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilib".

Nadir İsrafilov vurğulayıb ki, təlim və tərbiyə haqqında indiyə qədər yazılmış vəsaitlərin və dərsliklərin çoxuna ya ideologiyaların təsiri olub, ya da hansısa bizə məlum olan və olmayan səbəblərdən bu sahədə bir çox ədəbiyyatlar nəşr olunub geniş oxucu kütləsinə çatdırılmayıb:

“Təhsil və tərbiyənin paradiqmaları haqqında yazılan elmi işlərdə və keçirilən dərslərdə milli dəyərlərlə bağlı məhdud sayda mütəfəkkirlərin əsərlərinə və fikirlərinə istinad olunub ki, bu səbəbdən də insanın bütün dövrlərdə formalaşmasına hərtərəfli yardımçı olan təhsil və tərbiyə haqqında yazılmış bir çox mühüm əsərlər pedaqoqlar, alimlər, tələbələr, bütövlükdə geniş oxucu kütləsinin maraq dairəsindən kənarda qalıb. Halbuki, bu gün ümumi orta təhsilin məqsədi bir çoxlarının düşündüyü kim, öz yetirmələrinə təkcə bir ovuc bilik verməkdən ibarət olmayıb, təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etmək, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbul etmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlamaqla yanaşı, həm də onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının milli-mental dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını təmin etməkdən, bir sözlə hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdən ibarətdir”.

Təhsil eksperti bildirib ki, bu gün yeniyetmə və gənclərimizin qış fəslini 3 yerə bölən 40 günlük böyük çillə, 20 günlük kiçik çillə və bundan sonrakı 30 günlük boz ay haqqında heç olmasa elementar təsəvvürləri yoxdur.
“Gənclər arasında 1967-ci ildən isə Azərbaycanda dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunan Novruz ənənələrinin yaranma və bir ənənə halını alması ilə bağlı düşüncələri nə dərəcədədir? Nə yaxşı ki, heç olmasa Novruz ənənələrini yaşadan “Dəli Kür”, “Yeddi oğul istərəm” kimi filmlər çəkilib. Bu kimi misalların sayını istənilən qədər davam etmək olar. Bir çox ölkələri dünyaya tanıdan onların milli musiqisi olub. Musiqi hər bir xalqın unikal identikliyini qoruyub saxlayan komponentlərdən biri kimi onun mədəni irsinin formalaşmasında mühüm rol oynayır. Son illərdə isə ölkəmizdə yeniyetmə və gənclərin bayağı musiqilərə meylinin artdığı açıq-aşkar hiss olunmaqdadır. Halbuki, bir xalqın musiqisinin bayağılaşması onun əsrlərlə qoruyub saxladığı mədəniyyətinin, incəsənətinin bayağılaşması deməkdir. Bu misalı niyə çəkdim? Axı, bu kimi korifeylərin yetişməsinin təməli məhz məktəb illərində qoyulub. Bu gün isə baş verənlər bizi təəssüfləndirir. İstər dərs vəsaitlərinin hazırlanmasında milli kimliyimizin, ənənələrimizin qorunmasına diqqət yetirməmək, istərsə də məktəblərdə musiqi, təsviri incəsənət kimi dərslərin ikinci plana atılması milli kimliyimizə təhdiddir".

Xəbər lenti