Logo

Türk Akademiyası ilə Türkiyənin elm və təhsil qurumları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

27.02.2025 13:51 64 baxış
IMG

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Ankarada Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci ilə görüşüb.

Akademiyadan TƏHSİL.BİZ -ə bildirilib ki, görüş zamanı tərəflər Türk Akademiyası ilə Türkiyənin elmi qurumları və akademik dairələri arasında əməkdaşlıq əlaqələrini müzakirə ediblər. Türkologiya sahəsində birgə tədqiqatlara və türk xalqlarının ortaq irsinin təbliğinə xüsusi diqqət yetirilib.

Akademik Şahin Mustafayev Berris Ekinciyə rəhbərlik etdiyi qurumun 2024-cü ildəki fəaliyyəti, nəşr etdirdiyi tədqiqatlar və əldə olunan nəticələr barədə məlumat verib. O, türk alimlərinin elmi layihələrdə fəal iştirak etdiyini və birgə akademik təşəbbüslərin həyata keçirildiyini vurğulayıb. Akademiya prezidenti 2025-ci il üçün də planlarını bölüşüb, Türkiyə ilə akademik əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Berris Ekinci Beynəlxalq Türk Akademiyasının elmi inteqrasiya sahəsindəki səylərini yüksək qiymətləndirib və onun Türk dünyasının inkişafındakı mühüm roluna diqqət çəkib. O, həmçinin Türk Akademiyası ilə Türkiyənin aparıcı elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini bildirib.

Görüşdə Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Orta Asiya və Türk Dövlətləri Təşkilatının baş direktoru Toqan Ural, nazirliyin diplomatları və Türk Akademiyasının vitse-prezidenti Aşat Kesikbayev də iştirak ediblər.

Xəbər lenti