Logo

“Müasir metodist” layihəsi çərçivəsində müsahibə mərhələsinə start verilir

27.02.2025 13:57 89 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (ARTİ MDM) tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində müsahibə mərhələsinə başlanılır.

TƏHSİL.BİZ  xəbər verir ki, layihə təhsil sistemində müasir metodiki yanaşmaların tətbiqini genişləndirmək, pedaqoji kadrların peşəkar inkişafını təmin etmək və təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə vermək məqsədi daşıyır.

Seçim prosesi mərhələli şəkildə həyata keçirilir. Belə ki, layihədə iştirak üçün ümumilikdə 1571 namizəd müraciət edib. İlkin seçim mərhələsində müraciət edən şəxslər arasında tələblərə cavab verən namizədlər müəyyən edilərək müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibə namizədlərin peşəkar bacarıqlarını hərtərəfli dəyərləndirmək məqsədilə təşkil olunur.

Müsahibə mərhələsində namizədlər aşağıdakı meyarlara əsasən dəyərləndirilir:
1. Özünütəqdimetmə;
2. Proqram üzrə dərs icmalının təqdim edilməsi;
3. Təhsilalanların qiymətləndirilməsi;
4. Pedaqoji prosesin təşkili;
5. Ünsiyyət və əməkdaşlıq.

Qeyd edək ki, namizədlər ikinci meyar üzrə öz ixtisaslarına uyğun bir dərs planı təqdim etməli və müsahibə zamanı həmin dərsin planlaşdırılmasına dair əsaslandırılmış izah verməlidirlər. Eyni zamanda namizədlərin liderlik bacarıqları və problemlərin həllinə yanaşmaları müxtəlif situasiya analizləri və praktiki situasiyalar vasitəsilə qiymətləndirilir.

Müsahibə mərhələsinin 2025-ci ilin mart-may ayları ərzində mərhələli şəkildə keçirilməsi planlaşdırılır. Layihənin tətbiqi ümumtəhsil müəssisələrində tədris keyfiyyətinin yüksəldilməsinə və pedaqoji kadrların bacarıqlarının təkmilləşdirilməsinə töhfə verəcək.


 

Xəbər lenti