Logo

BDU-nun təşkilatçılığı ilə Azərbaycanın ali məktəbləri üçün beynəlxalq təlim keçirilib

12.11.2025 17:24 30 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Round University Ranking” (RUR) beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanın 25 ali təhsil müəssisəsinin nümayəndələri üçün onlayn təlim keçirilib. Tədbirdə ölkənin aparıcı universitetlərinin beynəlxalq əlaqələr, keyfiyyət təminatı, strateji inkişaf və reytinqlərlə bağlı məsul əməkdaşları iştirak ediblər.

Universitetdən bildirilib ki, rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov son illərdə BDU-da elm, tədqiqat və beynəlmilələşmə sahəsində həyata keçirilən strateji təşəbbüslər, beynəlxalq təşkilatlarla qurulan əməkdaşlıq əlaqələri, qlobal reytinqlərdə əldə olunan nailiyyətlər və universitetin davamlı inkişaf hədəfləri barədə ətraflı məlumat verib. O, təlimin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Beynəlxalq reytinq təşkilatının nümayəndələri təlimdə RUR sisteminin məqsəd və prinsipləri, qiymətləndirmə meyarları, məlumatların toplanması, təhlili və təqdim olunması prosesi barədə ətraflı təqdimat ediblər. Təlim zamanı ali təhsil müəssisələrinin reytinqlərdə iştirak mexanizmləri, məlumat keyfiyyətinin artırılması yolları və indikatorlara əsaslanan strateji qərarların qəbulunun əhəmiyyəti vurğulanıb. Həmçinin dünya universitetlərinin reytinqlərdə uğurlu təcrübələri təqdim edilib və əldə olunan biliklərin Azərbaycanın ali təhsil sistemində tətbiqi imkanları müzakirə olunub.

Təlim ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə iştirak imkanlarını artırmaq, onların qlobal akademik məkanla inteqrasiyasını gücləndirmək, müasir qiymətləndirmə metodologiyaları və məlumat idarəetmə mexanizmləri barədə bilik və bacarıqları təkmilləşdirmək, həmçinin ali təhsildə baş verən qlobal trendlər, yeni yanaşmalar və beynəlxalq təcrübələr haqqında iştirakçıları məlumatlandırmaq məqsədilə keçirilib.

Qeyd edək ki, RUR beynəlxalq reytinq təşkilatı tərəfindən hazırlanan reytinq siyahısında Azərbaycanın 15 ali təhsil müəssisəsi yer alır və bu siyahıda BDU lider mövqedədir.

Xəbər lenti