Logo

BDU tələbələrinin İsraildə keçirilən “AI Sprint” hakatonunda uğuru

14.11.2025 16:23 43 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) ikili diplom proqramı çərçivəsində İsrailin Holon Texnologiya İnstitutunda (HIT) təhsil alan tələbələri Bəxtiyar Novruzov, Namiq Abdullayev və Əli Vəliyev israilli tələbələrlə birlikdə “AI Sprint” hakatonunda iştirak ediblər.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, hakatonun əsas mövzuları “Zamanın idarə edilməsi”, “Kampusda sosial həyat”, “Effektiv və səmərəli öyrənmə” olub. Bu mövzular əsasında komandaya tələbələrin universitet daxilində həm akademik fəaliyyətlərini, həm də sosial həyatlarını yaxşılaşdırmağa yönəlmiş innovativ bir veb platforma hazırlamaq tapşırığı verilib.

BDU tələbələrinin həmmüəllifliyi ilə layihə “React Native” platformasında hazırlanıb və Münsiflər heyətinə təqdim edilib. Hazırlanmış sistem tələbələrin dərs öyrənmə prosesini daha effektiv və səmərəli təşkil etməsinə, kampusdakı sosial imkanlara daha rahat şəkildə qoşulmasına xidmət edib. Yüksək dəyərləndirilən layihə hakatonda II yerə layiq görülüb, komanda üzvlərinin hər biri 750 NIS (yeni İsrail şekeli) məbləğində mükafatla təltif edilib.

Hakatonda iştirak tələbələrə yalnız texniki bacarıqlar deyil, beynəlxalq komanda ilə əməkdaşlıq, dizayn düşüncəsi və sürətli prototipləşdirmə üzrə də əhəmiyyətli təcrübə qazandırıb.

Qeyd edək ki, BDU və Holon Texnologiya İnstitutunun kompüter elmləri ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının icrasına 2020/2021-ci tədris ilinin yaz semestrindən başlanılıb.

Xəbər lenti