Logo

Bakı Avropa Liseyində “Sİ Laboratoriyası: Sİ tədqiq edək” layihəsinə start verilib

02.12.2025 10:14 28 baxış
IMG

Noyabrın 28-də Bakı Avropa Liseyində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib olmuş “Sİ laboratoriyası: Sİ tədqiq edək” adlı layihənin açılış mərasimi keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd - şagird, müəllim və valideynlərə süni intellekt və ondan istifadə imkanları haqqında məlumat vermək, tədris fəaliyyətində onun tətbiqinə şərait yaratmaq və bununla bağlı layihə iştirakçılarını istiqamətləndirməkdən ibarətdir.

"Sİ Laboratoriyası" layihəsi 6 ay müddətində həyata keçiriləcək. Layihənin iştirakçıları Bakı Avropa Liseyi və Xəzər rayonu 136 nömrəli tam orta məktəbin 10-15 yaşlı şagirdləri olacaq. Proqram universal öyrənmə bacarıqlarının inkişafına kömək edəcək, yeni nəsli rəqəmsal gələcəyə hazırlayacaq. Müəllim və valideynlər üçün isə süni intellektdən (Sİ) maksimum faydalanmaq və şagirdləri müəyyən risklərdən qorumaq üzrə təlimlər keçiriləcək.

Açılış mərasimində Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova qonaqlara gələcəyin təhsil modellərindən, layihənin məqsəd və vəzifələri haqqında məlumat verdi.

Sonra liseyin şagirdləri “Süni intellekt nədir?” və süni intellektin tarixi haqqında interaktiv təqdimatlar etdilər. Tədbirin qonaqlarına İKT üzrə direktor müavini Rəhilə Əliyarzadə liseydəki İKT üzrə innovasiyalarından, STEAM mərkəzinın fəaliyyəti və uğurlarından məlumat verdi. SAF 25 yarışında iştirak etmiş şagirdlər və onların mentorları tədbir iştirakçıları tərəfindən alqışlandı. Sonra “Biz və robotlar” rəqsi nümayiş olundu və rəqs zamanı şagirdlər tərəfindən  hazırlanmış mühüm layihələrin robot nümunələri göstərildi.

Sonra təhsildə süni intellektin əsas trendləri haqqında video göstərildi və bu videonun ərsəyə gəlməsində Sİ ilə keçirilən ilk eksperimenti təqdim edərək Sİ-in müəyyən olunmuş müsbət və mənfi cəhətləri haqqında liseyin direktoru iştirakçıları tanış etdi. Layihənin müəllimi Mətanət Əhədova və valideyni İradə İsayeva  Sİ-in öyranmə və düzgün istifadə etməyini öyrənmək əhəmiyyətini açıqladılar.

Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev, Milli Məclisin deputatları Gülşən Paşayeva və Ceyhun Məmmədov öz çıxışlarında  layihənin əhəmiyyətini qeyd etdilər. Layihənin tərəfdaşları olan  Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) - nin rəhbəri Fariz Cəfərov Sİ sahəsində respublikada əldə olunan nailiyyətlər haqqında çıxış etdi. Xəzər rayonu 136 nömrəli tam orta məktəbinin direktoru Aysel Şərbətova layihədə iştirakının vacib olduğunu vurğuladı.

Tədbirdən sonra qonaqlar liseyin “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi tərəfindən hazırlanmış “Futuroloji memarlıq” sərgisi ilə də tanış oldular.

Xəbər lenti