Müasir dövrdə xüsusilə iqtisadi sahələrdə insanlar artıq daha qısamüddətli təhsil modellərinə maraq göstərirlər və bir çox istiqamətlərdə bunun real faydasını görürlər. Bu meyil əsasən texniki və iqtisadi sahələrdə daha çox güclənib. İnsanların təhsilə baxışında ciddi dəyişiklik var.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, peşə təhsilinə münasibət cəmiyyətimizdə həmişə eyni olmayıb: “Bunun səbəbləri məlumdur. Məhz bu səbəbdən kəmiyyətdən keyfiyyətə keçid mərhələsi zəruri olub və bu prosesdə müxtəlif təhsil müəssisələrinin təmsilçiləri əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına, rəqabətədavamlı mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verirlər. Cəmiyyətdə təhsilə olan yanaşma dəyişdikcə biz də yeni baxışla formalaşan məzunları, cəmiyyətə töhfə verən şəxsləri daha çox görməyə başlayırıq. Düşünürəm ki, bu dəyərləndirmə mexanizmi bir mükafatlandırma aləti olmaqla yanaşı, həm də ciddi dəstək mexanizmidir. Çünki sonda bu proses heç bir halda cəza xarakteri daşımır, əksinə, görülən işlərin düzgün qiymətləndirilməsi və doğru istiqamətə yönləndirilməsi deməkdir. Hazırkı vəziyyət daha da irəli getməyə, əmək bazarına çevik şəkildə uyğunlaşmağa imkan yaradır”.