Logo

İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir: 36 namizəd qeydiyyatdan keçib

08.05.2021 11:50 541 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə mayın 16-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Mərkəzdən  bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı mayın 14-ü saat 10:00-dək aparılacaq.

İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 36 (AB - 9, AC - 27) namizəd qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və ödəniş üsulları haqqında məlumatı DİM-in saytında əldə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına bu barədə bildiriş, “Namizədin yaddaş kitabçası” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin öz elektron poçtundan istifadə etməsi tövsiyə olunur. Bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 “Çağrı mərkəzi”nə zəng edib bu barədə məlumat vermək lazımdır.

Xəbər lenti