Logo

Ramazan bayramı münasibətilə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun təbriki

12.05.2021 13:06 536 baxış
IMG

Ramazan bayramı münasibətilə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun təbriki

 

Ramazan bayramı saf ideyaların daşıyıcısı olan islam dininin insanlara ən gözəl və nəcib keyfiyyətlər aşılayan əlamətdar günlərindən biri kimi, xalqımızın çoxəsrlik zəngin mədəni-mənəvi həyatında özünəməxsus yer tutur. Hər kəsi mənəvi paklığa, birliyə və həmrəyliyə dəvət edən Ramazan ayı insanlarda dözümlük, təmkinlik, başqalarına qarşı ehtiram və qayğı hissləri tərbiyə edir, yenilənmiş ruhla, ali düşüncələrlə həyatını davam etdirməyə həvəsləndirir. 


Müdrik Azərbaycan xalqı öz tarixi inkişafında ümumbəşəri və milli-mənəvi dəyərləri dərindən mənimsəyərək yaşatmışdır. Bunun nəticəsidir ki, sülh carçısı olan İslam dini əsrlərboyu xalqımızın dünyagörüşündə öz yerini qorumuş və milli-mədəni zənginliyimizə əlavə rəng qatmışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dini dəyərlərə, müqəddəs məbədlərə və dini-tarixi abidələrə xüsusi diqqət göstərilməyə başlanmışdır. Ümummilli lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi qayğıkeş siyasəti İslam dini ilə yanaşı,  bütün dinlərə və etiqad azadlığına böyük ehtiramla yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ardıcıl şəkildə davam etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qalib gələn ordumuz dağıdılmış dini ocaqlarımızı və tarixi-dini abidələrimizi düşmən tapdağından azad etdi. Bu bayram günlərində Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla anır və ruhlarına dua edir, qazilərimizə şəfa diləyirik. Əminik ki, işğalçıların viran qoyduğu torpaqlarımızda Prezident İlham Əliyevin genişmiqyaslı quruculuq işləri sayəsində həyat yenidən canlanacaq, bütün dini və mədəni abidələr qısa müddət ərzində bərpa olunaraq xalqımızın istifadəsinə veriləcəkdir.  


Hörmətli həmkarlar və tələbələr!


Ramazan ayı doğru yolu, vicdanlı davranışı, təmizliyi, mənəvi saflığı təcəssüm etdirir. Elmi-pedaqoji və tələbə kollektivinin birgə səyi ilə universitetimizdə tədris və təlim-tərbiyə sahəsində fəaliyyətin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin artırılması, daha şəffaf və saf mənəvi mühitin formalaşdırılması və qorunması üşün ardıcıl çalışırıq. Bu baxımdan müəllimlərimizin və digər əməkdaşlarımızın rolu olduqca böyükdür.

 

Ümumən, cəmiyyətimizin gələcəyi olan uşaqlarımızın təlim-tərbiyəsi ilə məşğul olan müəllim kadrlarının hazırlandığı yeganə ixtisaslaşmış ali təhsil müəssisəsi kimi, Azərbaycan  Dövlət Pedaqoji Universiteti daim yüksək mənəvi-əxlaqi dəyərlərə malik şəxsiyyət və mütəxəssislərin yetişdirilməsini prioritet vəzifə hesab edir.  Mənəvi zənginlik ayı olan Ramazan ayında sizə bu yolda əmin-amanlıq və uğurlar arzulayıram! Bayramınız mübarək!

Xəbər lenti