Logo

Yerli Texnoloji Startapların İnkişafının Təşviqi üzrə Bilik və Dəstək Texniki Yardımı layihəsi görüşü

12.05.2021 19:22 516 baxış
IMG

Bu gün ADAU-nun iştirakçısı olduğu Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən Yerli Texnoloji Startapların İnkişafının Təşviqi üzrə Bilik və Dəstək Texniki Yardımı layihəsi çərçivəsində növbəti üçtərəfli görüş baş tutub.

 

Layihənin detallarını müzakirə etmək və növbəti addımları müəyyənləşdirmək məqsədi daşıyan görüşdə Asiya İnkişaf Bankının layihə rəhbəri xanım Səbinə Cəfərova, layihənin icraçılarından biri olan EKVİTA şirkətindən xanım Jalə Sərdarlı və Almaniya tərəfdən Jurgen Raizner, layihənin əsas icraçısı İNNOLAND inkubasiya və akselerasiya mərkəzindən Tengiz Ağakişiyev, ADAU-dan isə tədris işləri üzrə prorektor dosent Anar Hətəmov və layihənin ADAU üzrə əlaqələndiricisi Fərrux Rəhimov təmsil ediblər. Salamlama və tanışlıq nitqlərindən sonra çıxış edən Jurgen Raizner layihə haqqında geniş məlumat verərək layihə çərçivəsində aşağıdakı addımların atılacağını bildirib:


Status-kvo analiz – universitetdə təhsilalanların startaplar haqqında məlumatlılıq səviyyəsinin öyrənilməsi;
Startapların idarə olunması ilə bağlı təlimlər;
Universitetin strategiyasının innovasiyalar və startaplar baxımından təhlili;
İnformasiya transferi
Universitetin startaplarla bağlı yerli və beynəlxalq əlaqələrini genişləndirmək və s. 

 

Çıxış edən Anar Hətəmov və Fərrux Rəhimov universitetdə 2021-ci il ərzində innovasiyalar və startaplarla bağlı görülmüş və qarşıda duran işlərdən, danışaraq layihədən gözləntilərini bildiriblər. Prorektor öz çıxışında universitetin yeni qəbul olunan 2021-2025-ci illərdə inkişaf strategiyasında layihənin əhatə dairəsi ilə üst-üstə düşən maddələri iştirakçıların diqqətinə çatdıraraq, tələbələrin iştirakçılığının artırılması məqsədi ilə onlayn sorğu keçirilməsini təklif ediblər. Fərrux Rəhimov isə öz növbəsində 2021-ci il ərzində İnnovasiya mərkəzinin həyata keçirdiyi fəaliyyətlər və yeniliklər haqqında məlumat verərək 300-ədək müəssisə və təşkilatla ikitərəfli əməkdaşlıqla bağlı görüşlərin keçirildiyi, ADAU İnnovasiya mərkəzinin  İnnovasiyalar Agentliyi tərəfindən rəsmi qeydiyyata alınması üçün müraciət edildiyi və s. məsələləri iştirakçıların diqqətinə çatdırıb.


Sonda çıxış edən layihə rəhbəri Səbinə xanım iştirakçılara təşəkkür edərək yaxın günlərdə universitetlə İNNOLAND arasında əməkdaşlıq memorandumu imzalanacağı barədə məlumat verib. Eyni zamanda məruzəçi layihənin məqsədinin Gəncə şəhərində ümumi startap ekosisteminin inkişafına töhfə vermək və bütün maraqlı tərəflərin o cümlədən KOBİA-nın da layihədə iştirakını təmin etmək olduğun diqqətə çatdırıb.

Xəbər lenti