Logo

BDU-nun Filologiya fakültəsində “Poeziyamızın sönməz günəşi” adlı tədbir keçirilib

21.05.2021 11:55 606 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Poeziyamızın sönməz günəşi” adlı onlayn tədbir keçirilib.

 

Giriş sözü ilə çıxış edən kafedranın dosenti Rəna Mahmudova Nizami Gəncəvi irsinin bəşəri əhəmiyyətindən, didaktik və estetik özəlliklərindən danışıb, şairin yaradıcılığında əxlaqi-mənəvi dəyərlərin təbliği ilə bağlı bəzi məqamlara toxunaraq belə ədəbi faktların gənc nəslə aşılanmasının zəruriliyini diqqətə çatdırıb.

 

Tədbirin moderatoru - Filologiya fakültəsinin III kurs tələbəsi Aysel Seyidova Azərbaycan ədəbiyyatına və ədəbiyyat xadimlərinə göstərilən yüksək dövlət qayğısından, Nizaminin 880 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən, dahi şairin ideyalarının həmişəyaşarlığından söz açıb.

 

Sonra tələbələrdən Türkanə Əliyeva “Nizami Gəncəvinin humanist ideyaları”, Nəzrin Quliyeva “Nizami Gəncəvinin poemalarında qadın obrazları”, Nəzrin Mirzəli isə “İncəsənət əsərlərində Nizami Gəncəvi obrazı” adlı məruzələrlə çıxış ediblər.

 

Tədbirdə fakültənin tələbələri - Gülşən Həsənli, Tükəzban Seyidova, Fidan Abdinova, Leyla Seyidkamilova, Aysel Seyidova, Şərqiyyə Əlizadə, Kəmalə Rəhimli, Yağmur Fətullazadə, Məryəm Əzizova, Sehranə İbişova, Türkanə Əliyeva və Aysel Cəlilova Nizami Gəncəvinin şeirlərini səsləndirib, Sunay Qasımzadənin “Xəmsə məclisi” təqdimatı, “Nizami” filmindən fraqmentlər, “Görkəmli şəxsiyyətlər Nizami Gəncəvi haqqında” videoçarx və tələbələrin əl işlərindən ibarət rəsmlər nümayiş olunub, Xalq artistləri - Bülbülün ifasında “Sənsiz” və Yusif Eyvazovun Şuşada keçirilmiş Xarıbülbül festivalında ifa etdiyi “Sevgili canan” romansları dinlənilib.

 

Çıxışlar başa çatdıqdan sonra, Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası kafedrasının müdiri professor Hüseyn Əsgərov, Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası kafedrasının dosentləri - Rəhilə Quliyeva, Məhbubə Qurbanova və Əhəd Cavadov fakültədə “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirlərin gənclərin maariflənməsindəki əhəmiyyətini və tələbələrin çıxışlarını yüksək qiymətləndirib, təşkilatçılara minnətdarlığını bildiriblər.

 

Sonda BDU-nun Filologiya fakültəsinin dekanı adından dosent Rəna Mahmudovaya və tələbələrə təşəkkürnamələr təqdim edilib.

Xəbər lenti