Logo

Xalqın öz Lideri ətrafında “Dəmir yumruq” kimi birləşməsinin ideoloji əsası azərbaycançılıq məfkurəsidir

22.05.2021 12:52 394 baxış
IMG

Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun müasir hərb tarixi üçün nümunə ola biləcək 44 günlük Zəfər yürüşü nəticəsində 30 ilə yaxın bir müddət ərzində erməni vandallarının işğalı altında olan torpaqlarımız azad edildi və Cənubi Qafqazda yaranan yeni reallığı bəzi “ermənipərəst qüvvələr” istisna olmaqla dünya ictimaiyyəti qəbul etdi. Düşmənin təslim olmasını özündə əks etdirən 2020-ci il 10 noyabr tarixli birgə Bəyanat həm də beynəlxalq hüquqla tanınan sərhədlərimizin 1977-ci ildə təsdiq edilmiş xəritə ilə bərpasını nəzərdə tutur və bu proses hazırda müzəffər Ordumuz tərəfindən həyata keçirilir. Tam məğlubiyyət psixozu yaşayan, seçkiöncəsi gərginliklər məngənəsində çabalayan Ermənistana nəzər salsaq, görərik ki, bu ölkədə müstəqillik qazanıldığı zamana nisbətən vəziyyət daha dözülməzdir. Belə ki, bu gün Ermənistan ordusu darmadağın edilib. Ölkə davamlı siyasi böhran içindədir. Cəmiyyətdə inamsızlıq, ruh düşkünlüyü yaranıb, qarşılıqlı ittihamlar irəli sürülür. Bəzi siyasi liderlərin, revanşist qüvvələrin ritorikası etik çərçivədən xeyli uzaqdır.
Ermənistan Azərbaycan ilə sərhədlərin mümkün qədər tez bir zamanda demarkasiya etməsinə çalışmaq əvəzinə öz xislətinə sadiq qalaraq müxtəlif bəhanələrlə provakasiyalara cəhd göstərir, “stəkanda fırtına avantürası”na əl atır, KTMT-yə müraciət edir, ABŞ-a, Fransaya yalvarır.
Azərbaycan isə bu möhtəşəm qələbə üçün Xalqın öz Lideri ətrafında “Dəmir yumruq” kimi birləşə bilməsi kimi bütün dünyaya nümunə ola biləcək model ortaya qoydu.


Bu fikirləri açıqlamasında Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov bildirib.
Professor qeyd edib ki, bu qələbə, həmçinin azərbaycançılıq məfkurəsinin Ermənistanda rəsmi dövlət ideologiyası səviyyəsinə qaldırılmış “tsexakron” faşizm ideologiyası üzərində qələbəsi idi. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, milli ideologiyanın komponentlərini özündə sintez edən azərbaycançılıq bir tərəfdən, Azərbaycanda vahid milli-dövlətçilik hissiyyatının formalaşmasını, milli-mənəvi dəyərləri, etnik-milli yetkinləşmə və bütövləşməni özündə əks etdirirsə, digər tərəfdən, Azərbaycan dilinin bir dövlət dili olaraq inkişafını və ölkə miqyasında, bütün fəaliyyət sahələrində mövqeyinin möhkəmlənməsini nəzərdə tutur.
Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturuna daxil etməklə mənəviyyat və dövlətçiliyin sintezindən çıxış edirdi. Ümummilli Lider dövlətçiliyimizi və milli-mənəvi dəyərlərimizi azərbaycançılığın əsas komponentləri kimi təqdim edirdi. Heydər Əliyevə görə, dövlətçilik ənənələri dövlətçilik ideologiyası, dövlətçilik psixologiyası və dövlətçilik praktikasının vəhdətindən yaranır.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur.
“Torpağımız ta qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub. Azərbaycan dövlətinə, tarixinə və coğrafiyasına onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlir.

Azərbaycanın və azərbaycançılığın əzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən də azərbaycançılığın ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq duyanlar da həmişə olub.


Yalnız torpağımızda yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara ünvanlanmaqla kifayətlənməyib, coğrafi sərhəd və məkanların ayrıldığı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə də məhz azərbaycançılıq ideologiyasıdır. Məhz bu ideologiya Prezidentimizin Xalq-Lider birliyinin rəmzi kimi ifadə etdiyi “Dəmir yumruq”un ideoloji əsası oldu və qələbəmizi təmin etdi”, – deyə Ə.Kərimov fikrini yekunlaşdırıb.

Xəbər lenti