Logo

DİM və ETS Global təşkilatı ilə birgə “TOEFL iBT® & Home Edition” imtahanları ilə tanışlıq vebinarı keçirilib

25.05.2021 08:22 218 baxış
IMG

Vebinar "Zoom" platforması vasitəsilə ingilis dilində keçirilib. Tədbirə ingilis dilini tədris edən müəllimlər və ingilis dilini öyrənmək, bacarıqlarını qiymətləndirmək istəyən 28 nəfər qoşulub.

 

Vebinarın məqsədi namizədlərin gələcək təhsil həyatında TOEFL iBT®- in rolu haqqında məlumat vermək və imtahanlara hazırlıq barədə iştirakçıları məlumatlandırmaq olub.

 

Vebinarda təqdimatla çıxış edən ETS Global təşkilatının nümayəndəsi, akademik əlaqələr və ingilis dilinin tədrisi üzrə koordinatoru - Yasemin Arşın TOEFL iBT imtahanın strukturu, üstünlükləri, hazırlıq vəsaitləri, qeydiyyat kimi bölmələrə dair ətraflı məlumat verib, həmçinin müəllim və tələbələrin istifadə edə biləcəyi yararlı internet resursları barədə mövzulara toxunub.

 

Vebinar iştirakçıların TOEFL iBT® & Home Edition imtahanlarına dair suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Xatırladaq ki, TOEFL iBT® (Test of English as a Foreign Language) ingilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahanlardan biri olmaqla namizədin ingilis dilini akademik səviyyədə necə anladığını və ünsiyyətdə olma bacarıqlarını qiymətləndirir. TOEFL iBT® imtahanın nəticəsi ABŞ və digər ingilisdilli ölkələrdəki universitetlərə qəbul olmaq üçün əsas tələblərdən biridir. Bununla bərabər dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər.

 

TOEFL iBT® imtahanı da daxil olmaqla, DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı keçiddən istifadə edərək ətraflı məlumat əldə etmək mümkündür.

 

DİM ETS Global təşkilatı ilə birgə növbəti vebinarı – The GRE® General Test: Insights You Need” imtahanı ilə tanışlıq mövzusunda 2021-ci il 31 may tarixində Bakı vaxtı ilə saat 15:00-dan 16:00-a kimi Zoom vasitəsilə keçirəcək.

 

Qeydiyyat linki:

 

https://docs.google.com/forms/d/e/1FAIpQLSdBuCXGBkbWLyOBV2O5YURF8FPI_eXgT8RG1HuGL6XS7iPgEQ/viewform

Xəbər lenti