Logo

Səmərəli və konstruktiv əməkdaşlıq

09.04.2022 12:00 423 revisione

Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Aİ Şurası prezidentinin təşəbbüsü ilə Brüsseldə keçirilən görüşdə əldə olunan razılaşamalar Vətən müharibəsindən sonra Prezident İlham Əliyevlə Şarl Mişel arasında baş tutan çoxsaylı görüş və telefon danışıqlarının doğurduğu nəticədir. Ötən ilin iyul ayında geniş nümayəndə heyəti ilə Azərbaycana səfər edən Avropa İttifaqı Prezidenti ilə regionda davamlı sülhə və təhlükəsizliyə nail olunması istiqamətində aparılan danışıqlar, Azərbaycanın bölgənin gələcəyi ilə bağlı təşəbbüskar və obyektiv mövqeyi Aİ-nin prosesə qərəzsiz yanaşmasını təmin edən əsas amillərdən biridir.

Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir.

Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı etimadlı münasibətlərin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin prinsipial şəkildə ifadə və müdafiə olunması, eləcə də davamlı məsləhətləşmələr ötən ilin dekabr ayında Brüsseldə keçirilən ilk üçtərəfli görüşün regiondakı mövcud reallıqların qəbul olunduğunu ifadə edən sonluqla nəticələnməsinə zəmin yaratdı və bu amil özünü aprelin 6-da keçirilən üçtərəfli görüşlə bağlı Aİ Şurası prezidentinin bəyanatında da nümayiş etdirir.

Düşünürəm ki, burada Azərbaycan üçün ən önəmli nəticələrdən biri, rəsmi Bakının danışıqların baza prinsipləri kimi irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbul edilməsidir. Danışıqların bu prinsiplər əsasında davam etdirilməsi Azərbaycanın mövqeyinin güclü olduğunu bir daha təsdiq edir. Bu, bir tərəfdən Azərbaycanın qalib dövlət olması, iqtisadi, hərbi imkanlarına görə qarşı tərəfdən dəfələrlə üstün olması ilə bağlıdırsa, digər tərəfdən, bizim mövqeyimizin beynəlxalq hüquqa əsaslanmasından irəli gəlir. Çünki təqdim olunmuş 5 baza prinsipinin hər biri tamamilə beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsiplərinə əsaslanır.

Hafiz Cavadov,

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdir müavini

Feed di notizie