Logo

Mədəniyyət istiqamətində bir sıra məktəb və mərkəzlərə işə qəbul üzrə müsabiqə elan edilib

03.05.2024 10:35 233 baxış
IMG

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbulla bağlı müsabiqə elan edilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Müsabiqə aşağıda qeyd edilən ardıcıllıqla həyata keçiriləcək:

-Onlayn qeydiyyat;

-Test imtahanı;

-Müsahibə.

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı iyunun 2-də keçiriləcək. İmtahan vermək istəyənlərin qeydiyyatı DİM-in saytında mayın 22-dək (saat 18:00-dək) aparılacaq.

İmtahan vermək istəyənlərin DİM-in saytında şəxsi kabineti olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün direktorların və direktor müavinlərinin müsabiqəsində ödəniş məbləği 100 AZN (ƏDV daxil olmaqla), müəllimlərin müsabiqəsində ödəniş məbləği 80 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Şəxsi kabinetdə olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsulları haqqında ətraflı məlumatı DİM-in saytından əldə etmək olar.

Şəxsi kabinet yaradıldıqdan sonra imtahan vermək üçün DİM-in saytında “Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Namizədlər linkə daxil olmaqla işə qəbul ilə bağlı ümumi məlumat, qaydalar, test imtahanı proqramları ilə ətraflı tanış ola bilərlər.

Xəbər lenti