Logo

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

03.05.2024 10:48 153 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi dosent Zümrüd Rəhimovanın “Mahşərəf Məsturənin poeziyası” monoqrafiyası çap olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, monoqrafiyada istedadlı şair, İranda ilk tarix kitabı yazan qadın, mahir xəttat kimi tanınan Mahşərəf Məsturənin həyat və yaradıcılığından bəhs olunur. Məsturənin müxtəlif janrlarda yazdığı əsərlər tematik və poetik baxımdan dəyərləndirilir, dil və üslub özəllikləri, dini-irfani görüşləri, sənətkarlıq xüsusiyyətləri ilk dəfə olaraq araşdırmaya cəlb olunur. Şairin yaradıcılığının ənənəyə bağlılığını müəyyənləşdirmək niyyətilə farsdilli poeziyanın nümayəndələri ilə müqayisələr aparılır, irs-varislik münasibətləri təhlil edilir.

Monoqrafiya giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsildə XIX əsrdə Məsturənin yaşadığı Ərdalanda ictimai-siyasi və ədəbi mühitdən, şairin həyatı və şəxsiyyətindən, eləcə də yaradıcılıq istiqamətlərindən bəhs edilir.

Məsturənin poetik irsinə həsr olunmuş ikinci fəsildə onun qəzəllərinin janr və struktur poetikası, tematik xüsusiyyətləri, başlıca surət və motivləri, şairin avtobioqrafik şeirləri, dini görüşləri, mərsiyə xarakterli tərkibbəndləri, fəxriyyə səciyyəli beytləri araşdırılır.

Üçüncü fəsil Məsturə şeirinin sənətkarlıq xüsusiyyətlərinə həsr olunub. Burada mənəvi və üslubi poetik fiqurlar, dil və üslub xüsusiyyətləri nəzərdən keçirilir.

Dördüncü fəsildə Məsturə yaradıcılığına Azərbaycan və İran şeiri kontekstində yanaşılır. Bu fəsildə Məsturə yaradıcılığının orta əsrlər divan ədəbiyyatı, o cümlədən Azərbaycanın qadın şairlərinin şeirləri ilə müqayisəsi aparılır.

Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədidir.

Xəbər lenti