Logo

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

03.05.2024 19:40 197 baxış
IMG

Azərbaycan dili üzrə sertifikasiya imtahanı (ADSİ) ilə bağlı vebinar keçirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə bildirilib ki, vebinarda DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva ADSİ imtahanı haqqında ümumi məlumat verib. Ardınca imtahan proqramının həmmüəlliflərindən Səbinə Əliyeva və mərkəzin əməkdaşı Mehriban Cəfərsoy təqdimatla çıxış ediblər.

Vebinarda 60-a yaxın mütəxəssis iştirak edib.

İclasda ümum-Avropa tövsiyə çərçivə sənədinə (CEFR) istinad edilməklə hazırlanmış “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini təmin etmək məqsədilə keçiriləcək ADSİ modeli mütəxəssislərlə müzakirə edilib.

Sonda vebinar iştirakçılarına test xüsusiyyətləri nəzərə alınmaqla model test nümunələrinin hazırlanması ilə bağlı tapşırıq verilib.

Xatırladaq ki, bir müddət öncə DİM ADSİ imtahanı ilə bağlı metodik vəsait nəşr edib. Vəsait DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin əməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva və Fidan Ələsgərova tərəfindən dosent, filologiya üzrə fəlsəfə doktoru Jalə Qəribovanın redaktorluğu ilə hazırlanıb.

Metodik vəsait səviyyələr üzrə Azərbaycan dili imtahanına hazırlaşan və bu imtahanla maraqlanan şəxslər üçün nəzərdə tutulub. Vəsaitə imtahan modelinə uyğun tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib.

Xəbər lenti