Logo

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb - FOTO

03.05.2024 23:00 166 baxış
IMG

Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində olduqca maraqlıdır. Son illər Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlığa xüsusi önəm verilir.

Tehsil.biz xəbər verir ki, bu barədə mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzinin açılışına həsr edilmiş elmi-praktik konfransda bildirilib.

Konfransdan əvvəl Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət edilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə keçirilən konfransın əvvəlində “Azərbaycan mütəfəkkirləri” barelyefinin və Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzinin açılışı olub.

Elmi-praktik konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Quba rayon icra hakimiyyəti başçısının müavini Səidə Abasova, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abdulqappor Qırğızbayev, azərbaycanlı rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, ADPU-dan və Türkiyə universitetlərindən gələn ziyalılar, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, filialın professor-müəllim və tələbə heyəti iştirak edib.

Çıxışlarda Azərbaycan və Özbəkistanın ortaq kökə, tarixə malik qardaş ölkələr olduğu bildirilib. Qeyd edilib ki, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi sayəsində uğurlu və dinamik əməkdaşlıq modelinə çevrilib. Son illər Azərbaycanla Özbəkistan arasında iqtisadi, siyasi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə artıb. Enerji, nəqliyyat və infrastruktur sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkə üçün prioritet məsələyə çevrilib. Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri, mühüm sazişlərin imzalanması hər iki ölkənin siyasi səviyyədə uğurlu əməkdaşlığını nümayiş etdirir. Diplomatik prosesin mühüm elementlərindən biri də mədəniyyət, təhsil və elm sahəsində təcrübə mübadiləsidir.

Konfransda ADPU-nun Quba filialının elm, təhsil və pedaqoji kadr hazırlığı sahələrində yüksək nailiyyətlər əldə edən, bu sahələrin inkişafına xüsusi töhfə verən və sosial-mədəni inkişafda fəal iştirak edən bir qrup əməkdaşı "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı ilə təltif olunublar.

Tədbirin bədii hissəsində Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, həmçinin Quba Uşaq Musiqi Məktəbinin şagirdləri çıxış ediblər.

Konfransdan sonra qonaqlar ADPU-nun Quba filialında auditoriyalarda tələbələrlə görüşüb, dərs prosesini izləyib, filialla yaxından tanış olublar.

Xəbər lenti