Logo

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib - FOTO

04.05.2024 13:00 148 baxış
IMG

Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə "Tehsil.biz"ə MDU-dan bildiirlib.

Əvvəlcə Ulu Öndərin MDU-nun inzibati binasındakı abidəsi önünə gül dəstələri düzülüb. Konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə rektor Şahin Bayramov dahi şəxsiyyətə həsr olunmuş respublika miqyaslı elmi konfransın önəmindən danışıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında fədakar, misilsiz və əvəzsiz xidmətləri olmuş Heydər Əliyev kimi tarixi şəxsiyyətin zəngin irsini hərtərəfli öyrənmək, araşdırmaq, gənc nəslə çatdırmaq hər bir vətəndaşın, xüsusilə də təhsil işçilərinin və ziyalıların şərəfli vəzifələrindəndir. Hazırda yeni dövrün universitetinə çevrilməyi qarşısına məqsəd qoyan, yüksəkixtisaslı mütəxəssis və layiqli vətəndaş hazırlamaq missiyasını reallaşdırmağa çalışan MDU bu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır.

Rektor ümumilikdə konfransa 33 ali təhsil və elmi-tədqiqat müəssisəsindən 230-dan artıq tezis və məqalənin təqdim olunduğunu diqqətə çatdırıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Heydər Əliyev - Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən dahi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, elm və təhsilin inkişaf etdiyi Mingəçevirdə Ulu Öndərin mənalı və zəngin ömrünün, müqəddəs amallar uğrunda göstərmiş olduğu müstəsna fəaliyyətinin öyrənilməsində mühüm işlər görülüb. Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi rəhbərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Heydər Əliyev - Azərbaycan xalqının əsl milli azadlıq və müstəqillik ideyasının banisi” mövzusunda məruzə edib. O, dahi şəxsiyyət Heydər Əliyevin siyasi bacarıqlarının və ölkəmizə rəhbərlik etdiyi dövrlərdə əldə etdiyi uğurların Azərbaycanın dövlətçilik tarixinin mühüm bir hissəsi olduğunu vurğulayıb. Ə.Hüseynli müstəqil Azərbaycanın qurulmasında və inkişafında Heydər Əliyevin misilsiz xidmətlərinin daim araşdırılmasının və onun zəngin irsini gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov “Heydər Əliyev və Azərbaycan elminin inkişafı” mövzusunda məruzəsində Ulu Öndərin Azərbaycanda elmin hərtərəfli inkişafına xidmət edən düşünülmüş siyasətinin ölkəmizdə milli kadr potensialının formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. O, Ümummilli Liderin dövlət idarəçiliyində elmi əsaslandırmalara mühüm önəm verdiyini, elmə və alimlərə güclü dəstək göstərdiyini, Azərbaycan elminin beynəlxalq arenada tanınmasına yönələn səylərini təqdir edib.

“Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda məruzə edən AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov Ulu Öndərin həm birinci, həm də ikinci hakimiyyət dönəmlərində milli dəyərlərin qorunması və təbliğində göstərdiyi liderlik qabiliyyətlərindən bəhs edib.

“Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini dosent Aytək Babayeva “Heydər Əliyev - innovativ texnologiyaların Azərbaycanın enerji sistemində tətbiqi bazasının qurucusudur” mövzusunda məruzəsində Ulu Öndərin energetika sektorunda həyata keçirdiyi islahatların ölkəmizin tərəqqisindəki rolunu vurğulayıb. O, Ulu Öndərin ötən əsrin 70-ci illərində yerli imkanlarla respublikanın enerji tələbatını ödəmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı fəaliyyətlərdən, o cümlədən nəhəng enerji qurğularının və elektrik stansiyalarının yaradılması istiqamətində uğurlarından danışıb. Prezident İlham Əliyevin müasir texnologiyaların tətbiqi ilə energetika sahəsini daha da müasirləşdirdiyini qeyd edən A.Babayeva bu yeniliklərin gələcək nəsillər üçün daha səmərəli və dayanıqlı enerji təminatına ciddi zəmin yaratdığını bildirib.

“Azərbaycançılıq məfkurəsinin inkişafında Heydər Əliyev irsi" mövzusunda məruzəsində Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev azərbaycançılıq məfkurəsinin formalaşmasında və inkişafında Ümummilli Liderin əvəzsiz rolunu vurğulayıb.

Konfrans 9 bölmə iclası ilə işini davam etdirib. “Heydər Əliyev siyasi liderliyin nümunəsidir”, “Müstəqil Azərbaycanın iqtisadi inkişafında Heydər Əliyevin tarixi xidmətləri”, “Heydər Əliyev irsi gənclər üçün tükənməz xəzinədir”, “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev: elm və təhsilin böyük himayədarı”, “Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata və dilçiliyə qayğısı” adlı bölmələrdə məruzələr dinlənilib. Maraqlı məruzələr ətrafında müzakirələr aparılıb.

Xəbər lenti