Logo

Qonaqpərvərlik sahəsində iş axtaranlar üçün karyera günü təşkil olunub - FOTO

04.05.2024 22:22 165 baxış
IMG

Mayın 4-də Bakıda Azərbaycan Hotel Assosiasiyası (AHA) tərəfindən qonaqpərvərlik sahəsində iş axtaranlar üçün karyera günü təşkil olunub.

Tehsil.biz xəbər verir ki, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil Tələbə Krediti Fondu və “Abşeron Hotel Group”un birgə əməkdaşlığı ilə təşkil olunan karyera günündə AHA-ya üzv olan Bakıda və regionlarda yerləşən 50 hotel 300-dən çox vakansiya və təcrübə proqramları ilə iştirak edib.

Azərbaycan Hotel Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov ötən il təşkil olunan karyera gününün çox böyük maraqla qarşılandığını bildirib. Qeyd edib ki, gənclərin işlə təmin olunması, ehtiyaclarını qarşılaması baxımından belə tədbirlərin keçirilməsi çox zəruridir.

“Bu gün biz gəncləri sadəcə iş imkanları ilə deyil, eyni zamanda, qonaqpərvərlik sahəsi ilə tanış edirik. Bildiyiniz kimi, Azərbaycan noyabr ayında COP29 iqlim sammitinə ev sahibliyi edəcək. Tədbir ölkəmizin imici baxımından çox vacibdir. Azərbaycana gələcək qonaqları və turistləri qonaqpərvərliyimizlə və yüksək keyfiyyətli xidmətimizlə tanış etməyi hədəfləyirik. Əminliklə deyə bilərəm ki, biz bu möhtəşəm hədəfimizə çatacağıq. Hazırda hotelçilik sahəsində yeni kadrlara, gənc istedadlara çox böyük ehtiyacımız var. Odur ki, burada olan gənclərin hər birinin bu imkandan istifadə etməsini istəyirik”, - deyə E.Əlimuradov diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev əmək bazarında ixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlığı üçün turizm təhsilinin keyfiyyəti ilə yanaşı, müvafiq iş imkanlarının yaradılmasının və əlçatan olmasının mühümlüyünü diqqətə çatdırıb.

R.Əliyev bu baxımdan bu cür karyera sərgisi və əmək yarmarkalarının keçirilməsinin işaxtaranlar və sənayenin birbaşa ünsiyyəti üçün vacib platforma olduğunu qeyd edib.

COP29-un əhəmiyyətli tədbir olduğunu deyən R.Əliyev tədbirin əsas ağırlığının hotel sənayesi üzərində cəmləşdiyini deyib: “Bu möhtəşəm tədbirdə qonaqları yüksək səviyyədə qəbul etmək çox vacibdir. Bütün gənclərə səslənərək bildirmək istəyirəm ki, hotelçilik çox maraqlı sahədir. Həmçinin artıq turizm bir çox ölkənin iqtisadiyyatı baxımından vacib amilə çevrilib. Bu sahədə perspektiv çox böyükdür”.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev agentlik tərəfindən bir çox əmək yarmarkalarının təşkil olunduğunu bildirərək deyib: "Bu yarmarkalarda işaxtaranların çoxu işlə təmin olunub. Hazırda isə turizm sektorunun inkişafı üçün bu sərgi böyük əhəmiyyət kəsb edir".

Təhsil Tələbə Krediti Fondunun sədri Araz Paşayev çıxış edərək Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etmək, təhsilin əhatə dairəsini genişləndirmək və keyfiyyətini yüksəltmək və s. olduğunu bildirib. Həmçinin keçirilən tədbirin əhəmiyyətindən bəhs edən A.Paşayev belə tədbirlərin iş axtaran gənclər üçün faydalı olacağına əminliyini ifadə edib.

Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam turizmin imkanlarla dolu peşə olduğunu deyib. O, tədbirdə iştirak edən gənclərə COP29 barədə ətraflı məlumat verib: “Bu tədbirin yüksək səviyyədə keçməsi üçün əlimizdən gələni etməliyik. Biz hotelçilər olaraq bu sahədə köməklik göstərməliyik. Vacib olan məqam isə gülərüz xidmətdir. Azərbaycanın qonaqpərvərliyini ölkəmizə gələn qonaqlara, turistlərə sərgiləmək ən mühüm məqamdır. Bunun üçün hazırda çox işlər görülür və görüləcək”.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov turizmin çox dinamik sektor olduğunu bildirib. O tədbirin turizm sektorunda bacarıqlı kadrların sayının artmasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

“Absheron Hotel Group”un əməliyyatlar üzrə baş direktoru Aytəkin Karayaka “Qonaqpərvərlik karyerasında uğura aparan yol - bir hotelçinin uğur hekayəsi” mövzusunda çıxış edib. O gənclərə turizm sahəsində uğura aparacaq bir neçə istiqamət barədə məlumat verib.

Karyera gününə ümumilikdə 20 universitet və peşə məktəbinin mindən çox tələbə və məzunları qatılıb. Həmçinin tədbir çərçivəsində qonaqpərvərlik üzrə master-klaslar təşkil olunub, Azərbaycan Hotel Assosiasiyası və üzv olan hotellərin təmsilçiləri tərəfindən hotelçilik sahəsinin turizmdə yeri, COP29 çərçivəsində qonaqpərvərliyin ölkəmizin imici üçün vacibliyi, turizmdə insan resurslarının əhəmiyyəti kimi mövzularda təqdimatlar keçirilib.

Xəbər lenti