Logo

Dövlət Komitəsində XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirildi

22.02.2022 16:31 469 baxış
IMG

Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov iştirakçıları DQİDK-nın fəaliyyət istiqamətləri barədə məlumatlandıraraq ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımıza məxsus multikultural dəyərlər, dinlərarası harmoniya, müxtəlif din mənsublarına dövlət tərəfindən göstərilən diqqət və qayğı haqqında danışıb. Bildirib ki, Azərbaycan vicdan azadlığının və multikultural mühitin təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin, eləcə də tarixi-dini abidələrin bərpasına və qorunmasına görə öndə gələn dövlətlər sırasındadır. G.İsmayılov ölkəmizdə xristian, yəhudi və digər dini konfessiyaların nümayəndələrinin əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını, xalqımızın onların dilinə, dininə, mədəniyyətinə daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq İslam və qeyri-İslam dini icmalarına maliyyə yardımı ayrıldığını qeyd edib.

Sədr müavini görüş iştirakçılarının diqqətini 44 günlük Vətən Müharibəsindəki parlaq qələbəmiz nəticəsində işğaldan azad edilmiş tarixi torpaqlarımızdakı erməni vandalizmi faktlarına çəkərək vurğulayıb ki, Ermənistanın təcavüzkar siyasətinin qurbanları təkcə insanlarımız yox, həm də tarixi-dini abidələrimizdir. Ermənilər dini abidələrimizə qarşı misli görünməmiş vəhşiliklər törədiblər, 67 məsciddən yalnız ikisi - Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidi və qismən Ağdam Cümə məscidi qismən salamat qalıb. İşğalçılar qədim alban məbədlərimizə qarşı isə özününküləşdirmə siyasəti yürüdüblər. Ermənistandan fərqli olaraq Bakıdakı erməni kilsəsi dövlət tərəfindən təmir edilərək qorunur. O, əsarətdən xilas olan abidələrimizin bərpa edilməsi prosesinə start verildiyini, yer üzündən silinmiş Zəngilan məscidinin əsasının qoyulduğunu da bildirib.

Daha sonra Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, BBMM təşkilatçılığı ilə keçirilən "Müharibə Cinayətləri mədəni irsə qarşı:Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinə Azərbaycan multikulturalizmi haqqında biliklərini genişləndirməkdə maraqlı olan 20-dən çox tələbə və tədqiqatçı qatılıb.

Xəbər lenti