Logo

ASAPES tələbələri üçün “Futbol marketinqi və oyunların təşkili” mövzusunda seminar keçirilib

07.04.2022 22:29 533 baxış
IMG

Aprelin 7-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Peşəkar Futbol Liqası (PFL), Futbolun İnkişaf Fondu (FİF) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə idman menecmenti və kommunikasiya ixtisası üzrə təhsil alan tələbələr üçün “Futbol marketinqi və oyunların təşkili” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə ASAPES-in İdman menecmenti və kommunikasiyası kafedrasının müdiri m.e.d., professor Nailə Kələntərli və kafedranın əməkdaşı i.ü.f.d, dosent Vüqar Nəzərov təşkil olunan seminarın bakalavriat səviyyəsinin “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə təhsil alan tələbələrin idman sahəsində əldə etdikləri nəzəri bilik və bacarıqların artırılması, müasir dövrün tələbinə uyğun mütəxəssis kimi formalaşması, bazar iqtisadiyyatı konteksində iqtisadi proseslərin təhlilinin seçdikləri elm sahəsi üzrə tətbiq imkanlarının öyrənilməsi baxımından vacibliyini vurğulayıblar. Onlar tələbələrə yaradılmış şəraitdən istifadə edərək seminarda aktiv olmağı tövsiyə ediblər. 

Qonaq qismində dəvət olunan, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev marketinqin futbolda rolu, əsas istiqamətləri, futbolda maliyyə kanalları və sponsorluq münasibətlərinin qurulması ilə bağlı ətraflı təqdimatla çıxış edib. Daha sonra Peşəkar Futbol Liqasının tarixi və fəaliyyəti, oyunların təşkili ilə bağlı geniş məlumat verən PFL-in Texniki-İdman şöbəsinin rəisi Elgiz Abbasov seminar iştirakçılarını 27 may tarixində təşkil olunacaq Azərbaycan kubokubun final oyununa dəvət edib və bir qrup tələbəninin finalın təşkilati işlərinə cəlb olunması ilə bağlı təklif irəli sürüb. 

Sonda kafedranın dosenti Vüqar Nəzərov maraqlı və faydalı tədbirə görə qonaqlara və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə ASAPES-in rəhbərliyi adından təşəkkür edib. 

Tədbir sual-cavab sessiyası və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Xəbər lenti