Logo

Yanvar-mart aylarında idman sahəsində əldə olunan nailiyyətlər

12.04.2022 13:01 463 baxış
IMG

“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən 2022-ci ilin ilk üç ayı ərzində uşaq-gənclər idman məktəblərinin müxtəlif təvəllüdlü idmançıları arasında 9 idman növü: boks, qılıncoynatma, həndbol, şahmat, Yunan-Roma güləşi, ağır atletika, futbol, cüdo və stolüstü tennis üzrə 11 respublika birinciliyi keçirilib.

Tehsil.biz xəbər verir ki, həmin yarışlara Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 1538 nəfər idmançı qatılıb. Onlardan 145 nəfəri qızıl, 145 nəfəri gümüş, 215 nəfəri bürünc medala layiq görülüb. Ümumilikdə 505 medal qazanılıb.

Keçirilmiş yarışların, aparılmış seleksiya işlərinin nəticələrinə əsasən, sözügedən və digər idman növləri üzrə “Təhsil” Respublika İdman Mərkəzinin kiçik yeniyetmələr, yeniyetmələr, gənclər, böyüklərdən ibarət yığma komandaları formalaşdırılıb, onların respublika və beynəlxalq səviyyəli yarışlarda iştirakları təmin edilib.

Qeyd olunan dövr ərzində Gənclər və İdman Nazirliyi və müvafiq federasiyalar tərəfindən 13 idman növü üzrə keçirilən 30 respublika yarışında uşaq-gənclər idman-şahmat məktəblərindən 1281 nəfər iştirak edib, 144 qızıl, 130 gümüş, 164 bürünc olmaqla 438 medal qazanılıb.

Eyni zamanda Mərkəzin yığma komandaları atletika üzrə Azərbaycan birinciliyinin, karate üzrə ölkə birinciliyinin, boks idman növü üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyin qalibi, veloidman üzrə yığma komandanın üzvləri Azərbaycan kubokunun sahibi olub.

Son 3 ayda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları müxtəlif ölkələrdə keçirilən beynəlxalq turnirlərdə, Avropa və Dünya birinciliklərində, Avropa Kuboku, Qran-pri yarışlarında 48 qızıl, 30 gümüş və 29 bürünc olmaqla, ümumilikdə 107 medal qazanıb.

2022-ci ilin yanvar-fevral aylarında uşaq və gənclərin idman ustalıqlarının artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə uşaq-gənclər idman-şahmat məktəblərində 16 idman növü üzrə 38 sayda kütləvi idman tədbirləri keçirilib. Bu tədbirlərdə 5101 nəfərə yaxın idmançı iştirak edib.

Eyni zamanda cari ilin fevral-may aylarında Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyası tərəfindən keçirilən ümumtəhsil məktəblərinin şagirdləri arasında basketbol üzrə respublika birinciliyinin təşkili ilə əlaqədar bütün şəhər və rayonlar əhatə olunmaqla fiziki tərbiyə müəllimləri və təhsil şöbələrinin fiziki tərbiyə üzrə metodistləri üçün zona seminarları, yarışın rayondaxili mərhələsinin oyunları keçirilib.

Xəbər lenti