Logo

Basketbol üzrə respublika birinciliyinin zona mərhələsi başa çatıb

23.04.2022 10:47 395 baxış
IMG

Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyası tərəfindən ümumtəhsil məktəblərinin V sinif şagirdləri arasında 4 mərhələ üzrə təşkil olunan basketbol üzrə respublika birinciliyinin zona yarışlarına yekun vurulub.

Tehsil.biz xəbər verir ki, yarışların bu mərhələsində 70 rayon (şəhər) üzrə 66 qız və 70 oğlan olmaqla 136 komanda mübarizə aparıb. Yarışda 681 oğlan, 621 qız olmaqla, ümumilikdə 1302 şagird iştirak edib.

Yarışın zona mərhələsinin nəticələrinə görə, Bakı şəhəri üzrə Nərimanov, Səbail, Gəncə, Yevlax, Sumqayıt, Şabran, Cəlilabad, Astara, Şəki, Zaqatala, Şirvan, Hacıqabul rayon və şəhərlərinin oğlanlardan ibarət komandaları finala vəsiqə qazanıb.

Qızların mübarizəsində Bakı şəhəri üzrə Səbail, Nərimanov, Göygöl, Gəncə, Abşeron, Sumqayıt, Astara, Lənkəran, Zaqatala, Şəki, İmişli, Şirvan rayon və şəhərlərinin komandaları müvafiq olaraq birinci və ikinci yerləri tutaraq finalda iştirak etmək hüququ qazanıblar.

Yarışın final mərhələsi 19-26 may 2022-ci il tarixlərində Bakıda keçiriləcək.  Bu mərhələdə 12 qız və 12 oğlan olmaqla 24 komanda mübarizə aparacaq.

Qeyd edək ki, yarışların keçirilməsində məqsəd məktəblilər arasında basketbol idman növünü təbliğ etmək, istedadlı məktəbliləri basketbol idman növünə cəlb etmək, uşaqlar arasında dostluq əlaqələrini gücləndirməkdən ibarətdir.

Xəbər lenti