Logo

DİA-da təlim: "Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində"

06.05.2024 13:43 192 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində” mövzusunda onlayn formada növbəti təlim keçirilib. Təlim Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə DİA-dan məlumat verilib.

Təlimdə Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri, Milli Məclisin deputatı, professor Hikmət Məmmədov çıxış edərək siyasi münasibətlərin, siyasi prosesin və fəaliyyətin dərk edilməsinin mühüm açarı kimi siyasi şüurun dövlət idarəçiliyində fundamental rolundan bəhs edib.

“Siyasi şüur siyasi reallıqların dərk edilməsi sayəsində meydana gələn inam, etiqad, baxışlar, dəyərlər və onlara əsaslanan siyasi mövqe ilə ictimai rəyin məcmusu şəklində fəaliyyət göstərir və siyasi prosesin mühüm hissəsi kimi çıxış edir”, - deyə qeyd edən H.Məmmədov dinləyicilərin diqqətinə çatdırıb ki, cəmiyyətin siyasi şüurunu öyrənmədən real siyasət işləyib-hazırlamaq və həyata keçirmək mümkün deyil.

Daha sonra professor H.Məmmədov Azərbaycan cəmiyyətində milli dövlətçilik şüurunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olduğunu vurğulayıb. O bildirib ki, əgər müstəqil Azərbaycanın yaxın keçmişi Ümummilli Lider Heydər Əliyevin şərəfli dövlətçilik fəaliyyəti ilə formalaşaraq, xilaskarlıq missiyası və quruculuq motivləri ilə tarixə yazılıbsa, ölkəmizin bugünkü davamlı və hərtərəfli yüksəlişi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin simasında beynəlxalq aləmdə daha geniş şöhrət tapır.

Təlim zamanı, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusunun 30 illik işğala son qoymasının milli dövlətçilik şüurunun güclənməsində olan rolundan da bəhs edilib.

Professor Hikmət Məmmədov məhz Ümummilli Lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun davam etdirən ölkə rəhbərinin həyata keçirdiyi tədbirlərin Azərbaycanın milli gücünün artmasına, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsinə olan təsiri ilə bağlı fikirlərini bölüşüb.

Xəbər lenti