Logo

ADMİU-da “Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

07.05.2024 11:49 201 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Ədəbiyyat və dillər kafedrasının təşkilatçılığı ilə “Böyük ictimai xadim, siyasi lider Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycan mövzusunda fikirlərini və çıxışlarından sitatları əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bildirib ki, universitet hər il ənənəvi olaraq Ümummilli Lider Heydər Əliyevin doğum günü, anım günü ərəfələrində, eləcə də müxtəlif zamanlarda xatirəsinə həsr olunmuş tədbirlər, konfranslar, dəyirmi masalar keçirir. Ulu Öndərin mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğı ilə yanaşdığını deyən rektor rəhbəri olduğu universitetdə çalışan əməkdaşların, professor-müəllimlərin də bir çoxunun Ümummilli Liderlə bağlı unudulmaz xatirələrinin olduğunu vurğulayıb. Rektor əlavə edib ki, hər kəs onun mədəniyyətə, incəsənətə qayğısının, diqqətinin və sevgisinin şahididir.

“Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz onun sayəsində tanındı”, - deyə rektor Ceyran Mahmudova əlavə edib.

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri Cəbi Bəhramov çıxışında Ümummilli Lider Heydər Əliyevin bütün ömrü boyu Azərbaycan xalqının taleyi ilə bağlı qayğılandığını, hər zaman bu xalqın, dövlətin inkişafı naminə düşünülmüş, cəsarətli addımlar atdığını bildirib. O, Heydər Əliyevin Qərbi Azərbaycan məsələsinə yad olmadığını, hakimiyyəti boyunca bu mövzunun xalqımızın xeyrinə həlli istiqamətində mühüm işlər gördüyünü vurğulayıb.

Daha sonra Heydər Əliyev Mərkəzinin nümayəndəsi Leyla İsmayılovanın “Heydər Əliyevin dövlət quruculuğunda mədəniyyət siyasəti”, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Fatimat Məmmədovanın “Heydər Əliyev və Qərbi Azərbaycan: İrəvan – tarixi mədəniyyət mərkəzi kimi”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevinc Həsənovanın “Heydər Əliyev və Qərbi Azərbaycan: yer-yurd adlarımız xalqın silinməyən qan yaddaşı, milli varlığıdır” mövzusunda məruzələri dinlənilib.

Tədbirin bədii hissəsində ADMİU-nun Teatr sənəti və Musiqi sənəti fakültələrinin tələbələri - Firuzə İbrahimova, Əliağa Tapdıqov, Səma Ağazadə, Paşa Ağayev (bədii qiraət), Sərxan Mirzəyev (xanəndə), Səxavət Məmmədli (tar), Orxan Hüseynov (kamança), Xaqani Zeynalabdinov (saz) çıxış ediblər.

Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.

Xəbər lenti