Logo

BDU-da “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib - FOTO

08.05.2024 10:53 166 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin siyasətinin dayandığını bildirib: “Ulu Öndər həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı üçün misilsiz xidmətlər göstərib. Bütün sahələr kimi, elmin və təhsilin inkişafına xüsusi diqqət yetirən, gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını prioritet hesab edən Ulu Öndərin bu ölçüyəgəlməz fəaliyyəti sayəsində hələ sovet dövründə respublikada yüzlərlə yeni məktəb istifadəyə verilib, ali təhsil müəssisələrinin sayı və onların qəbul planları artırılıb. 1993-cü ildə ölkəmizdə yaranan siyasi gərginlik, özbaşınalıq özünün pik həddinə çatmışdı. Bu ağır vəziyyətdən isə Azərbaycanı yalnız böyük siyasi xadim Heydər Əliyev xilas edə bilərdi. 1993-cü ildə xalqın çağırışına səs verən Ulu Öndərin yenidən hakimiyyətə qayıtdığı 15 İyun günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi oldu. 30 ildə ölkəmizdə baş vermiş hadisələrin təhlili onu deməyə əsas verir ki, Azərbaycanın bütün nailiyyətlərinin, eyni zamanda, 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizin təməlində əsası 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz xalq-iqtidar birliyi dayanır”.

Rektor Ulu Öndərin “Azərbaycan xalqının milli sərvəti, milli iftixarı” adlandırdığı BDU-nun dünyaşöhrətli məzunu olduğunu, qürurla “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığını diqqətə çatdırıb, onun universitetə hər zaman qayğı ilə yanaşdığını qeyd edib.

Tədbirin Sosial Xidmətlər Agentliyi ilə BDU arasında imzalanmış memoranduma uyğun olaraq keçirildiyini deyən rektor universitetin sosial iş ilə yanaşı, təhsildə sosial-psixoloji xidmət, korreksiyaedici pedaqogika, psixologiya və digər müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığına xüsusi önəm verdiyini, birgə əməkdaşlığın tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin aşılanmasına da böyük töhfə verəcəyini bildirib. Qeyd edilib ki, birgə tədbirlər planına uyğun olaraq, növbəti bir il ərzində inklüziv tədbirlər, mentorluq proqramı, Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinə tələbələr üçün infoturlar təşkil olunacaq, ustad dərsləri və digər mühüm layihələr icra olunacaq.

ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri barədə danışıb. Qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanda sosial müdafiə siyasətinin də formalaşması və həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. 1998-ci ildə Ulu Öndərin Ahıllar evinə səfəri və əlilliyi olan şəxslərin I ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi qaliblərinin yekun konsertində iştirakı xüsusi diqqətə ehtiyacı olan şəxslərə göstərilən diqqəti özündə ehtiva edir. Bu gün isə Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, əhalinin rifahının, sosial müdafiəsinin gücləndirilməsi dayanır.

Sonra Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb, Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən bəhs ediblər.

Tədbir BDU tələbələrinin ifasında bədii hissə ilə davam edib.

Xəbər lenti