Logo

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

08.05.2024 19:54 142 baxış
IMG

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən “İçəriçəhərim” adlı rəsm müsabiqəsinin vaxtı iyunun 10-dək uzadılıb.

Qoruq İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, müsabiqəyə Bakı və Azərbaycanın digər bölgələrdən müraciətlər daxil olmaqdadır. Rəsm müsabiqəsinin təşkilində əsas məqsəd peşəkar və həvəskar rəssamların daxili dünyasını göstərmək, fırça vasitəsilə gənc rəssamların təxəyyülündəki İçərişəhərin ruhunu ictimaiyyətə təqdim etməkdir. Rəsmlərin əsas mövzusunu İçərişəhər, onun adət-ənənələri, tarixi və bu günü təşkil edir.

Müsabiqə ilk 3 yerin qaliblərinə 1500, 1000 və 500 manat məbləğində pul mükafatları təqdim olunacaq. Əlavə həvəsləndiriçi mükafat qismində 4 rəssamın hər birinə 250 manat mükafat nəzərdə tutulub. Qalib iştirakçılar pul mükafatı ilə yanaşı, diplomla, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, “İçərişəhərim” rəsm müsabiqəsinin qalibləri Azərbaycanın tanınmış rəssamları tərəfindən seçiləcək. Münsiflər heyətinə Xalq rəssamları Natiq Əliyev, Fərhad Xəlilov, Salhab Məmmədov, Fuad Salayev, Əliyar Əlimirzəyev kimi görkəmli rəssamlar daxildir.

Müsabiqədə 18 yaşdan yuxarı peşəkar və həvəskar rəssamlar iyunun 10-dək onlayn müraciət etməklə iştirak edə bilər. Qaliblər Şirvanşahlar Saray Kompleksində mükafatlandırılacaqlar.

Müsabiqənin şərtləri ilə daha ətraflı bu linkdən (https://icherisheher.gov.az/az/news/59) tanış olmaq mümkündür.

Xəbər lenti