Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə Dövlət Universitetində (GDU) rektor Yusif Yusibovla görüşüb.
GDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, rektor Yusif Yusibov universitetdə həyata keçirilən islahatlar, tələbələrin təhsil almaları üçün yaradılmış şərait, maddi-texniki baza, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində həyata keçirilmiş tədbirlər və layihələr haqqında ətraflı məlumat verib.
Görüşdə hər iki universitet arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ortaq layihə və proqramların həyata keçirilməsi imkanları müzakirə olunub, inklüziv təhsil istiqamətində ali təhsil müəssisələrinin üzərinə düşən mühüm işlərdən söhbət açılıb.
Rektor Anar Nağıyev bildirib ki, Bakı Slavyan Universitetində 3 ildir “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi müəllim hazırlığı prosesində tədris məzmunu və resurslarına inklüziv təhsil prinsiplərinin inteqrasiyasıdır. GDU-nun əməkdaşları da bu layihələrdə universiteti layiqincə təmsil edirlər.
Görüşdə Gəncə Dövlət Universiteti ilə Bakı Slavyan Universiteti arasında yaxın zamanlarda inklüziv təhsillə bağlı əməkdaşlıq müqaviləsinin imzalanmasına dair müzakirələr aparılıb. Daha sonra GDU-da fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin həyata keçirdiyi işlərdən söhbət açılıb.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Gəncə Dövlət Universitetində yaradılan şəraiti yüksək qiymətləndirib, birgə əməkdaşlığın hər iki universitetin həyatında əlamətdar olacağını bildirib.