Logo

STEAM təhsili və yaşıl robototexnika ilə bağlı tədbir keçirilib

22.09.2025 14:32 32 baxış
IMG

EOS Akademiyanın təşkilatçılığı ilə “Robolution: Azərbaycanda STEAM və yaşıl robototexnika” mövzusunda tədbir keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə “Robolution: yaşıl robototexnika” layihəsinin nəticələri təqdim edilib, yaşıl robototexnikanın ölkəmizdə tətbiqi ilə bağlı mövcud vəziyyət və perspektivlər müzakirə olunub.

Layihənin məqsədi Bakı, Gəncə və Lənkəran şəhərlərində 15-18 yaşlı gənclərin robototexnika sahəsində inkişafı və ekoloji problemlərin həllində fəal iştirak etmələri üçün onları müvafiq biliklə təmin etməkdir. Layihə yeniyetmə və gəncləri ekoloji problemlər üçün innovativ həllər hazırlamağa təşviq edib, yaşıl robototexnika və STEAM təhsili ilə bağlı ictimaiyyətin məlumatlılığını artırmağa nail olub.

Ümumilikdə 9 aylıq proqram çərçivəsində Bakı, Gəncə və Lənkəran şəhərlərindən olan iştirakçılar robototexnika və ekoloji problemlərin innovativ həlləri üzrə əyani və onlayn olmaqla 40 intensiv təlimdə iştirak ediblər. Təlimdən əvvəl və sonra edilən yoxlama testlərinin nəticələri göstərib ki, iştirakçıların bilik və bacarıqlarında ortalama 52 faiz artım olub. Təlim proqramını uğurla yekunlaşdırmış 20 iştirakçı komandalara bölünərək ekspert mentorların dəstəyi ilə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində yaşıl robototexnika ideyalarını tətbiq edib. İştirakçılar ümumilikdə 4 robot layihə və ətraf mühitin monitorinqi hesabatlarını hazırlayıblar. Layihə çərçivəsində, həmçinin Azərbaycanda STEAM təhsili, robotoexnika və ətraf mühitin mühavizəsi sahəsində məlumatlılığın artırılması üçün onlayn maarifəndirmə kampaniyası həyata keçirilib. Kampaniya çərçivəsində hazırlanan 35 interaktiv post və videolar 200 mindən çox istifadəçiyə çatdırılıb.

“Robolution: Azərbaycanda STEAM və yaşıl robototexnika” tədbirinin ikinci hissəsində panel müzakirədə çıxış edən STEAM mütəxəssisi, layihənin ekspert mentoru Fərid Həsənov bu cür layihələrin ölkədə gənclərin inkişafına verdiyi töhfəni vurğulayaraq texnologiya və təhsil sahəsində gələcək əməkdaşlıq imkanları haqqında danışıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi, yaşıl və dayanıqlı inkişaf üzrə ekspert Fuad Bağırov təhsildə robototexnika və STEAM-in rolundan söz açaraq, gənclərin texnologiyaya olan marağını stimullaşdırmağın, elmi nəzəriyyədən tətbiqə keçməyin, həmçinin qızların STEAM və robotexnikada iştirakının vacibliyini vurğulayıb.

Xəbər lenti