Logo

UNEC-in Elmi şurası yeni tədris ilində qarşıda duran vəzifələri müzakirə edib

11.09.2025 16:49 32 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi şurasının yeni tədris ilində ilk iclası keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə UNEC-dən bildirilib. Rektor Ədalət Muradov universitetdə həyata keçirilən yeniliklərin müsbət nəticələr verdiyini diqqətə çatdırıb. O, yeni tədris ilində UNEC-ə bakalavriatura, magistratura səviyyəsinə qəbulun, eləcə də əcnəbi tələbələrin qəbulunun uğurla aparıldığını bildirib. Rektor yeni tədris ilində universitetdə bir sıra yeniliklərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Elmi şurada UNEC İmtahan mərkəzinin direktoru Tahir Bədəlov 2024/2025-ci tədris ilinin yaz semestrinin sessiya imtahanlarının nəticələri haqqında hesabatla çıxış edib.

Sonra Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev 2024/2025-ci tədris ilinin yay semestrinin yekunları haqqında məlumat verib. Bildirib ki, yay semestrində UNEC, Zaqatala filialı və digər universitetlərdən ümumilikdə 1098 tələbə iştirak edib. O qeyd edib ki, ölkə üzrə yay məktəbinə müraciət edən tələbə sayı ən çox UNEC-in payına düşür. Hesabatda bildirilib ki, hibrid formada təşkil olunan yay semestrində 34,6 faiz tələbə dərsləri ənənəvi, 65,2 faizi onlayn, 2 faiz isə qarışıq formada dinləyib.

Tədris üzrə prorektor Gəray Musayev isə yeni tədris ilində qarşıda duran vəzifələr haqqında danışıb. Bildirib ki, II kursda təhsil alan tələbələr üçün “Xarici (ingilis, alman, fransız, rus) dildə işgüzar və akademik kommunikasiya” - IV (XDİAK) fənni üzrə imtahanlar Aptis imtahan formatında Britaniya Şurası tərəfindən aparılacaq. Eyni zamanda, bu tədris ilində ixtisas, eləcə də seçmə ixtisas fənlərinin imtahanları yazılı, qeyri-ixtisas fənlərinin imtahanları isə test formasında təşkil olunacaq. Prorektor bu istiqamətdə həyata keçiriləcək tədbirləri də şura üzvlərinin diqqətinə çatdırıb.

Şurada Xarici Dillər Departamentinin direktoru Aysel Xəlilova XDİAK fənninin qiymətləndirilməsi ilə bağlı qaydalara dair təklifləri səsləndirib.

İclasda, həmçinin “Tələbə-dekan fəaliyyəti və seçkilərinin keçirilməsi haqqında” Əsasnamə, eləcə də “UNEC Karyera və İnkişaf” təşkilatı haqqında Əsasnamə təsdiq edilib.

Elmi şura cari məsələlərin müzakirəsi ilə davam edib.

 

Xəbər lenti