Logo

ADNSU-da ingilis dilində tədris olunan proqramlara qəbul 9 faiz artıb

09.09.2025 15:25 78 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025-2026-cı tədris ili üzrə tələbə qəbulunun nəticələri açıqlanıb.

ADNSU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, qəbul göstəriciləri universitetin yeni Strateji İnkişaf Planı ilə tam uyğunluq təşkil edir və qarşıya qoyulan inkişaf hədəflərinin reallaşdırılmasına xidmət edir. Qəbul nəticələrinə əsasən bakalavriat səviyyəsinə qəbul əvvəlki illə müqayisədə 10 faiz azaldılıb, magistratura səviyyəsinə qəbul 17 faiz faktiki artım göstərib, ingilis dilində tədris olunan proqramlara qəbul 9 faiz artaraq ümumi qəbulun 21 faizini təşkil edib, bunlarla yanaşı, əcnəbi tələbə qəbulu ötən illə müqayisədə üç dəfə artaraq 203 nəfərə çatıb.

İngilis dilində tədris olunan proqramlarda yüksək orta ballar qeydə alınıb ki, bu da universitetə daha çox potensiallı tələbələrin qəbul olunmasına imkan yaradıb.

Cari tədris ilinin qəbul nəticələri ADNSU-nun beynəlxalq təhsil mühitinin inkişaf etdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və tədqiqat fəaliyyətinin genişləndirilməsi istiqamətində atdığı addımların praktiki təsdiqi hesab olunur.

Strateji İnkişaf Planına əsasən, universitet növbəti 6–7 il ərzində bakalavriat, magistratura və doktorantura səviyyələrində tələbə sayının 60:30:10 nisbətinə çatdırılmasını hədəfləyir. Bu yanaşma ADNSU-nun tədqiqat universiteti statusunun möhkəmləndirilməsinə və yüksəkixtisaslı kadrların hazırlanmasına şərait yaradacaq.

Xəbər lenti