Sentyabrın 4-də Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransı baş tutub.
TƏHSİL.BİZ xəbər verir ki, konfransda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfrans iştirakçılarını salamlayan MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. 2024-2025-ci tədris ilində idarənin tabeliyindəki təhsil müəssisələrinin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edən N.Hüseynova əldə olunan nəticələrin müqayisəli təhlilini diqqətə çatdırıb.
İdarə müdiri mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.
N.Hüseynova bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanlara rəqəmsal biliklərin daha dərindən aşılanması, həmçinin dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, təlim-tərbiyə prosesində valideynlərin rolunun artırılması və digər istiqamətlər qarşıda duran əsas məqsədlərdəndir.
N. Hüseynova bütün təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.
MÜTDA-nın Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova çıxış edərək yeni tədris ilinin hədəflərindən, “Rəqəmsal məktəb platforması”nın təhsil iştirakçılarına qazandırdığı ütünlüklərdən danışıb və platforma üzrə son vəziyyət barədə məlumat verib.
F. Nəcəfova platformanın işinə dəstək məqsədilə məktəb rəhbərıləri üçün təlim və seminarlatın təşkili olunacağını vurğulayıb.
Bakı şəhəri Nizami rayonu M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Sevda Abdullayeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bugünkü konfrans təhsil işçiləri üçün yol xəritəsi rolunu oynayıb: “Biz artıq il ərzində olan nəticələrimizi gördük. IV, VI və IX siniflərdə irəliləyişləri də, geriləmələri də müşahidə etdik. Bu da ilin sonuna qədər işimizi necə quracağımızı və hansı istiqamətlərdə çalışacağımızı müəyyən etməyə kömək edəcək. Tədris ilinin başlamasına çox az müddət qalıb. Biz məktəbdə Pedaqoji Şuranın iclasının keçirilməsini planlaşdırmışıq, şurada müəllimlərin geyim formalarını müəyyən etmişik, siniflərin komplektləşdirilməsini yekunlaşdırmışıq, şagirdlərin geyim formaları ilə bağlı valideynlərlə söhbətlər aparmışıq. Bu ildən etibarən müəllimlərin vahid geyim formasına keçməsini planlaşdırırıq”.
Bakı şəhəri 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova yeni tədris ilində qarşıya qoyulan hədəflərdən danışıb: “Konfransın nəticələrinə əsasən, hər birimizin üzərinə çox ciddi vəzifələr, öhdəliklər qoyuldu. IV, VI və IX siniflərin nəticələrinin təhlili hər bir məktəbə ətraflı şəkildə göndərilib. Bu nəticələrlə bağlı müəyyən təhlillər aparılsa da, Pedaqoji Şuranın yaxın günlərdə keçiriləcək ilk iclasında da müzakirəyə çıxarılacaq. Kollektivimiz əldə olunan datalar əsasında cari tədris ilinin prioritet istiqamətlərini müəyyənləşdirəcək. Bu da ümumi təhsilin məzmununa xidmət edən əsas məqamlardan biridir. Məqsədimiz təhsilalanlara keyfiyyətli tədris şəraiti yaratmaq və onların nailiyyətlərini artırmaqdır”.
Bakı şəhəri Nizami rayonu Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbin direktoru Kamran İsalı açıqlamasında bildirib ki, konfransın təşkil olunma formatı məktəb rəhbərliyinin gələcək hədəflərini müəyyən etmək üçün olduqca səmərəli olub: "Müvafiq məlumatlara əsaslanan təhlillər bütün direktor və təhsil işçiləri üçün növbəti tədris ilində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi yolunda dəstək olacaq. Yeni tədris ilində əsas hədəflərimizdən biri odur ki, şagirdlərimiz məktəbə sevərək, həvəslə gəlsinlər. Birinci hədəfimiz həmişə bu olur. Bunun üçün məktəbdə həmin mühitin yaradılması istiqamətində müəllim kollektivi ilə birlikdə lazım olan işləri görməyə çalışırıq. Fəaliyyət istiqamətləri müəyyən edilir və müzakirələr əsasında müvafiq layihələrin tətbiqi ilə fəaliyyətimizi qururuq.
Xüsusilə tədrisin keyfiyyətinin artırılması istiqaməti də bizim üçün ən önəmli prioritetlərdən biridir. IV, VI və IX siniflərdə aparılan monitorinqlərdə şagird nailiyyətlərinin izlənməsi istiqamətində istər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyəti, istər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tətbiq etdiyi layihələr gələcəkdə səmərəli iş qurmağımıza, problem olan sahələri görməyimizə kömək edəcək".
Konfrans daha sonra “Dəyirmi masa” müzakirələri ilə davam edəcək. Müzakirələr zamanı keyfiyyət göstəriciləri və mövcud problemlər barədə müzakirə aparılacaq, iştirakçıların fikir və tövsiyələri dinləniləcək, onları maraqlandıran suallara cavab veriləcək.
Konfrans sabah da işini davam etdirəcək.
Müxtəlif peşəkar meyarlar əsasında seçilmiş fənn müəllimləri ilə keçiriləcək görüşlər panel müzakirələr formatında təşkil olunacaq, fəaliyyət planı və təkliflər paketi hazırlanacaq.
1/5