Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının(AƏSMA) birgə təşkilatçılığı ilə AƏSMA tələbələri üçün ingilis dili təlimləri davam etdirilir.
TƏHSİL.BİZ xəbər verir ki, təlimlərin əsas məqsədi tələbələrin xarici dil biliklərini artırmaq, beynəlxalq ünsiyyət bacarıqlarını inkişaf etdirmək və onların gələcək təhsil və karyera imkanlarından daha səmərəli şəkildə faydalanmasına imkan yaratmaqdır.
Təlimlər müxtəlif mövzuları əhatə etməklə interaktiv şəkildə həyata keçirilir. Proqram çərçivəsində tələbələrə qrammatika, tələffüz, lüğət ehtiyatı, danışıq, dinləmə, oxu və yazı bacarıqlarının inkişafına yönəlmiş dərslər tədris olunur.
Qeyd edək ki, akademiyanın I–IV kurs tələbələrinin iştirak etdiyi təlimlər 1 iyul tarixindən başlayıb və həftədə iki dəfə olmaqla 6 ay davam edəcək. Dərslər eyni zamanda həm onlayn , həm də əyani şəkildə keçirilir.