Logo

H-indekslərin artırılması və beynəlxalq elmi rəqabət

07.12.2025 14:32 167 baxış
IMG

Rahil Nəcəf dünya təcrübəsinə əsaslanan çıxış yolunu göstərir

Elm və ali təhsil üzrə ekspert, fəlsəfə elmləri doktoru Rahil Nəcəf bildirir ki, Azərbaycanın elmi mühitində əsas problemlərdən biri tədqiqatçıların beynəlxalq elmi arenada yetərincə görünmürlüyüdür. Onun sözlərinə görə, bu görünməzliyin ən ciddi göstəricilərindən biri də ölkə alimlərinin H-indeksinin çox aşağı olmasıdır. Rahil Nəcəf qeyd edir ki, “Alimin H-indeksi onun cəmiyyət üçün yaratdığı elmi dəyərin və elmi nüfuzunun ölçüsüdür. Biz beynəlxalq rəqabətə girə bilmiriksə, bunun səbəbi təkcə fərdi əmək deyil, həm də sistemin institusional zəifliyidir.”

Ekspert sitat gətirir ki, dünya təcrübəsində H-indeksin artması ilk növbədə elmi jurnalların keyfiyyətindən, tədqiqatların açıq elmi platformalarda yerləşdirilməsindənsitatlanma mədəniyyətindən keçir. O vurğulayır ki, “Azərbaycan elmi jurnallarının böyük hissəsi elmi standartları tətbiq etmədiyi üçün beynəlxalq reytinqlərə düşmür və belə olan halda, yerli alimlərin də görünürlüyü məhdudlaşır.”

Dünya statistikası göstərir ki, Scopus və Web of Science-də indekslənən jurnallarda məqalə dərc etdirən alimlərin H-indeksi 4–5 dəfə daha sürətlə artır. Məsələn, Clarivate-in 2024-cü il hesabatına görə, Avropa ölkələrində elmi məhsuldarlığı yüksək olan tədqiqatçıların orta H-indeksi 18–25 arasında dəyişir, Şimali Amerikada isə bu göstərici 25–32-dir. Azərbaycanda isə müxtəlif sahələr üzrə H-indeksi 5-dən yuxarı olan alimlərin sayı hələ də məhduddur.

Rahil Nəcəf bildirir ki, bu boşluğun əsas səbəbi yerli elmi jurnalların vəziyyətidir. Onun sözlərinə görə, “Azərbaycanın beynəlxalq arenada tanınan elmi jurnallarının sayı son illərdə artmaq əvəzinə azalır. Mənə məlum olan siyahıdan bir neçəsinin yayın həyatı artıq bitib, bir neçəsi də bitmək üzrədir.” Ekspert əlavə edir ki, bu jurnalların yalnız az qismi Scopus və Web of Science kimi nüfuzlu platformalar tərəfindən indekslənir, böyük əksəriyyət isə ancaq Erihplus, EBSCO kimi ikinci səviyyəli bazalarda yerləşə bilir.

Dünya təcrübəsinə nəzər saldıqda görünür ki, elmi jurnalların inkişafı dövlət siyasətinin mühüm komponentidir. Türkiyə “TR Dizin” layihəsi ilə son on ildə öz elmi jurnallarının səviyyəsini əhəmiyyətli şəkildə yüksəldib. Cənubi Koreya və Çin isə elmi nəşrlər üzrə milli keyfiyyət standartları tətbiq edərək, jurnallarının beynəlxalq bazalara qəbul edilmə faizini 2 dəfə artırıblar. Bu ölkələrdə elmi redaktorların peşəkar hazırlığına xüsusi vəsait ayrılır, jurnal menecmenti müasir texnologiyalarla aparılır.

Rahil Nəcəf qeyd edir ki, Azərbaycanda da bu istiqamətdə ciddi islahata ehtiyac var: “Biz jurnallarımızın strukturunu, redaksiya siyasətini və peer-review mexanizmini dünya standartlarına uyğunlaşdırmasaq, bizim alimlərin H-indeksinin yüksəlməsi və beynəlxalq arenada görünən olması mümkün olmayacaq.” Ekspert sitat gətirir ki, elmin inkişafının əsas göstəricisi onun istehsal etdiyi biliklərin dünya elminə təsiridir: “Sitatlanmayan məqalə yazılmamış məqalə sayılır.”

Mövcud vəziyyətlə bağlı statistik təhlil göstərir ki, Azərbaycan elmi jurnallarının yalnız təxminən 6–7 faizi beynəlxalq baza tələblərinə cavab verir. Halbuki, dünya təcrübəsində bu göstərici inkişaf etmiş ölkələrdə 40–60 faiz arasındadır. Bu vəziyyət, Rahil Nəcəfin fikrincə, təkcə jurnalların yox, həm də elmi sistemin modernləşdirilməsinə ehtiyac olduğunu göstərir.

Ekspert əlavə edir ki, Azərbaycan alimləri üçün H-indeksin artırılması təkcə şəxsi nüfuz məsələsi deyil, eyni zamanda ölkənin beynəlxalq elmi reytinglərdə yer alması deməkdir. “Universitetlərin dünya reytinqlərinə daxil olmasının əsas meyarlarından biri onların tədqiqat potensialıdır. Tədqiqat potensialı isə istinadların sayı, H-indeks və beynəlxalq təcrübəyə uyğun elmi məhsuldarlıqla ölçülür.”

Rahil Nəcəf sonda vurğulayır ki, əgər Azərbaycan elmi beynəlxalq rəqabətə qoşulmaq istəyirsə, alimlər həm fərdi, həm də institusional səviyyədə yenilənməlidir: “Biz artıq lokal düşünmək mərhələsini keçmişik. Elmin dili beynəlxalq dildir. Dünya səhnəsində görünmək üçün həm alimlər, həm də elmi jurnallar səviyyə baxımından qlobal standartlara uyğunlaşmalıdır.”

 

Bəhman Hüseynli

Xəbər lenti