Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə institutun baş direktoru professor Səyyarə İbadullayeva 20 Yanvar faciəsinin Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqlal savaşının, milli iradə və azadlığının təntənəsi olduğunu söyləyib. Professor qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ ordusunun Bakıya yeridilməsi nəticəsində azadlıq uğrunda mübarizəyə qalxan Vətən övladları şəhid oldu, yaralandı, qanunsuz həbs olundular. Şəhid olanlardan üçü Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı olub. Bu qanlı hadisəyə ilk olaraq Ümummilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda siyasi münasibətini bildirib.
S.İbadullayeva vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi və siyasi iradəsi, qüdrətli Ordumuzun rəşadəti, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər ilə şəhidlərimizin intiqamı alındı və onların qanı yerdə qalmadı.
Tədbirdə professorlar Aydın Əsgərov, Şakir Qasımov, Dilzarə Ağayeva, biologiya üzrə fəlsəfə doktorları Ələddin Qədimov, Pərvanə Qaraxani, Sadıq Qarayev, Nigar Mürsəl qızı və Hilal İmanlı Azərbaycan xalqına qarşı törədilən bu cinayətin heç zaman unudulmayacağını və xalqımızın yaddaşında daim milli azadlıq uğrunda qəhrəmanlıq salnaməsi kimi yaşayacağını qeyd ediblər.
20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub.
Sonda Botanika İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda canlarını fəda edənlərin əziz xatirəsini ehtiramla yad ediblər.