Logo

Azərbaycan bu gün təkcə enerji ixracatçısı deyil, Avrasiya enerji təhlükəsizliyinin memarlarından biridir

21.01.2026 13:18 49 baxış
IMG

Qlobal enerji bazarlarında geosiyasi risklərin artdığı, enerji təhlükəsizliyinin milli təhlükəsizlik anlayışı ilə eyniləşdiyi bir dövrdə keçirilən "Beynəlxalq Qara dəniz - Rize Ayder Forumu" regional əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyət daşıyır. Forum Qara dəniz-Avrasiya məkanında enerji, diplomatiya və təhlükəsizlik məsələlərinin bir platformada müzakirə olunması ilə seçilir.

Türkiyənin Rize şəhərində ikinci "Beynəlxalq Qara dəniz - Rize Ayder Forumu" keçirilib. Forumda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Fəaliyyətlərin Təşkili və İdarə Edilməsi departamentin direktoru, Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru(TC,RF,AR), professor Zahid Fərrux Məmmədov Forumda məruzəçi statusunda iştirak edib. Onun çıxışı enerji təhlükəsizliyi, regional enerji strategiyaları və Avrasiya məkanında geosiyasi-iqtisadi proseslər kontekstində aktual elmi yanaşmaları əhatə edib. İqtisad elmləri doktoru, professor Məmmədov Zahid Fərrux Formda müzakirə olunan məsələlər barədə "Olaylar"a geniş müsahibə verib. Həmin müsahibəni təqdim edirik. 

Azərbaycan bu gün təkcə enerji ixracatçısı deyil, Avrasiya enerji təhlükəsizliyinin memarlarından biridir

-Zahid müəllim, "Beynəlxalq Qara dəniz - Rize Ayder Forumu"nda aparılan müzakirələr, qəbul edilən qərarların mahiyyəti nədən ibarətdir? 
-Qara dəniz bölgəsinin ən vacib iqtisadi, sosial və mədəni toplantılarından biri hesab edilən Birinci Beynəlxalq Ayder Forumu 28 sentyabr 2024-cü ildə milli və beynəlxalq ekspertlərin, qonaqların iştirakı ilə keçirilib. İkinci "Beynəlxalq Qara dəniz - Rize Ayder Forumu" 15-17 yanvar 2026-cı il tarixlərində Türkiyənin Rize şəhərində baş tutdu. Forum Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Rize Valiliyinin və Rize Bələdiyyəsinin himayəsi ilə, Türkiyənin enerji və təbii sərvətlər naziri cənab Alparslan Bayraktarın iştirakı ilə təşkil olundu. Tədbirin təşkilati və planlaşdırma işləri Beynəlxalq Ayder Forumu Dərnəyi tərəfindən həyata keçirildi. Forum Qara dəniz və Avrasiya regionunun iqtisadi, enerji, siyasi və diplomatik gündəmini müzakirə edən mühüm beynəlxalq platforma kimi diqqəti cəlb edir. Forum çərçivəsində "Enerji, qlobal təhlükəsizlik və diplomatiya" mövzusu ətrafında panel müzakirələri keçirildi. Müzakirələrdə enerji təhlükəsizliyi, regional və qlobal enerji rəqabəti, dayanıqlı inkişaf, enerji diplomatiyası, eləcə də Qara dəniz-Avrasiya regionunda strateji əməkdaşlıq perspektivləri əsas müzakirə mövzuları idi. Tədbir milli və beynəlxalq səviyyədə ekspertləri, akademik dairələri, dövlət qurumlarının nümayəndələrini, vətəndaş cəmiyyəti və özəl sektor təmsilçilərini bir araya gətirərək regionun potensialının qlobal miqyasda daha effektiv təqdim olunmasını hədəfləyirdi. Formda Azərbaycanı Milli Məclisinin deputatları Tahir Mirkişili, Sadiq Qurbanov, Fazil Mustafa, Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Haşımov, Bakı Dövlət Unuversiteti Hüquq fakultəsinin dossenti Mirəli Kazımov və mən- Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Fəaliyyətlərin Təşkili və İdarə Edilməsi departamentin direktoru olaraq, eləcə də azərbaycanlı media nümayəndələri təmsil edirdi. Qeyd edim ki, Beynəlxalq Qara dəniz - Rize Ayder Forumu regionda enerji təhlükəsizliyi və diplomatiya sahəsində dialoqun dərinləşdirilməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir. Bu Forum Qara dəniz və Avrasiya regionunun iqtisadi və enerji baxımından daha güclü, rəqabətqabiliyyətli və inteqrasiya olunmuş bir məkan kimi formalaşmasına xidmət edən mühüm beynəlxalq təşəbbüs kimi dəyərləndirilir. 

Azərbaycanın yaşıl enerji siyasəti artıq regional deyil, beynəlxalq miqyasda model xarakteri almaqdadır və bu istiqamətdə elmi diplomatiyanın gücləndirilməsi zəruridir

-Forumda məruzə ilə çıxış etmisiniz. Məruzənizdə əsasən hansı məsələlərə toxundunuz? 
- Beynəlxalq Qara dəniz - Ayder Forumu çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Fəaliyyətlərin Təşkili və İdarə Edilməsi departamentin direktoru, UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzininin rəhbəri iqtisad elmləri doktoru olaraq Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə enerji siyasəti və enerji təhlükəsizliyi mövzusunda geniş məruzə ilə çıxış etdim.Vurğuladım ki, enerji resursları XXI əsrdə yalnız iqtisadi deyil, eyni zamanda siyasi və geosiyasi güc amilinə çevrilib. Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji siyasətində koordinasiya və qarşılıqlı əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu gün TDT-yə üzv ölkələr birlikdə dünyada 3-cü ən böyük enerji təminatçısı, iqtisadi potensialına görə isə 14-cü böyük iqtisadi blok kimi çıxış edir. Azərbaycan və Qazaxıstan zəngin neft-qaz ehtiyatları ilə seçildiyi halda, Türkiyə tranzit ölkə və enerji qovşağı rolunu gücləndirir, Qırğızıstan isə hidroenerji potensialı ilə regional enerji təhlükəsizliyində mühüm mövqe tutur. "Türk Dünyası Vizyonu - 2040" və TDT-nin 2022-2026-cı illər üçün Strategiyası enerji təhlükəsizliyi ilə yanaşı, bərpa olunan enerji və iqlim dəyişiklikləri məsələlərini də ön plana çıxarır. Çıxışımda Azərbaycanın enerji siyasəti xüsusi olaraq vurğuladım. Bildirdim ki, Azərbaycan Bakı-Tbilisi-Ceyhan, TANAP və Cənub Qaz Dəhlizi kimi layihələrlə regional və Avropa enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Eyni zamanda, ölkənin bərpa olunan enerji strategiyası - xüsusilə günəş və külək enerjisi üzrə layihələr - enerji diversifikasiyasını gücləndirməklə yanaşı, karbon emissiyalarının azaldılmasına xidmət edir. Azərbaycan artıq enerji körpüsü funksiyasını icra edərək Qafqaz, Avropa və Orta Asiya arasında strateji mövqeyini möhkəmləndirib. Xüsusilə qeyd etdim ki, enerji təhlükəsizliyi iqtisadiyyatla yanaşı milli təhlükəsizlik məsələsidir. Qlobal enerji bazarlarında baş verən proseslər təkcə bazar mexanizmləri ilə deyil, geosiyasi risklər və regional qarşıdurmalarla müəyyən olunur. Enerji təhlükəsizliyi ölkənin iqtisadi inkişafı, sosial rifahı, strateji müstəqillik üçün prioritet hesab olunur. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox böyük xidmətə sahibdir. Azərbaycanın enerji təhlükəsizliyi kontekstində həyata keçirdiyi alternativ enerji və xarici siyasət kursu olduqca əhəmiyyətlidir. Həmçinin, enerji infrastrukturlarının mühafizəsi, marşrutların şaxələndirilməsi və regional əməkdaşlıq TDT ölkələri üçün həyati əhəmiyyət daşıyır. Enerji subsidiyalarının yüksək olduğu bəzi TDT ölkələrində maliyyə və tarif siyasəti bərpa olunan enerjiyə keçidi çətinləşdirir. Bununla belə, uzunmüddətli perspektivdə yaşıl enerji, regional inteqrasiya və birgə layihələr alternativsiz yol kimi görünür. Sonda qeyd etdim ki, Ayder Forumu Türk dünyasının iqtisadi və enerji gündəmini müzakirə etmək baxımından mühüm platformadır. Enerji təhlükəsizliyi artıq ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə regionun ortaq məsələsinə çevrilib və bu sahədə koordinasiyalı siyasət Türk Dövlətlərinin qlobal mövqelərini daha da gücləndirəcək. Onu da qeyd edim ki, bir neçə elmi jurnal bu məruzənin yayılması haqqında qərar verdi. Biz də qərar qəbul etdik ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərində enerji siyasəti mövzusunda ciddi elmi nəşr hazırlansın. Nəşrdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Azərbaycan və Rusiya ölkələrindən elmi məqalələr çap olunacaq. Növbəti ildə Sank-Peterburq Dövlət İqtisad Universitetində və Rusiya Dövlət Humanitar Universitetində buna bənzər müzakirələrin keçirilməsi təklif olundu. -Azərbaycanda yaşıl enerji siyasəti prioritet məsələlərdən hesab olunur. Ölkəmizdə belə bir mövzuda beynəlxalq elmi tədbirin keçirilməsini mümkün hesab edirsinizmi? -Əlbətdə, belə bir tədbirin Azərbaycanda keçirilməsi mümkündür. Azərbaycan bir sıra beynəlxalq tədbirlərin keçirilməsində əhəniyyətli rol oynayıb. Ökəmiz COP-29-a ev sahibliyi etdi və dünyanın diqqətini ekoloji məsələlərə cəlb edə bildi. O cümlədən alternativ enerji mənbələrin inkişafı ilə bağlı ciddi naliyyətlər əldə edildi. İndi alternativ enerji mənbələri ilə bağlı beynəlxalq elmi tədbiri bölgələrdə keçirmək olar. Məsələn, Mingəçevirdə enerji forumunu reallaşdırmaq mümkündür. Çünki, Mingəçevir elektrik stansiyaların qurulması ilə bərabər inkişaf edib, onun böyük bir tarixi var. Bu zaman Mingəçevir bir regional şəhər kimi inkişaf edər, orada fəaliyyət gösrtərən şirkətlər, universitetlər tanıdılar. Təsəvvür edin ki, Rize universitetləri sözügedən form çərçivəsində nə qədər müqavilələr imzaladılar. 

Festival bitir, amma elmi nəticə qalır. Elm olmadan tanıtım davamlı olmur.

-Bəs, belə elmi tədbirlərin keçirilməsində niyə maraqlı görünmürük?
- Çox təəssüf ki, biz bölgələrdə təbii və milli sərvətlərimizlə bağlı yalnız festival xarakterli tədbirlər keçirərək rəqs edib, əylənirik. Niyə bu məsələləri beynəlxalq elmi konfranslar səviyyəsində təşkil etmirik? Məsələn, qədim tarixə malik, antioksidantlarla zəngin, qanı artıraraq orqanizmə sağlamlıq bəxş edən, gözəllik üçün də istifadə olunan "şah meyvə" olan narla bağlı elmi konfrans keçirib onun elmi əsaslarını dünyaya bəyan etmək olar. Eləcə də fındıqla, çayla bağlı elmi tədbirlər təşkil etmək olar. Bu kimi tədbirləri müğənnilərlə deyil, elm adamları ilə təşkil etsək şübhəsiz ki, onun elmi nəticələri ola bilər. Bilik iqtisadiyyatının nəticəsi biliyin öndə olmasıdır. Buna nail olmaqdan ötrü Ayder təşəbbüsünü davam etdirməliyik. Bu tədbirdə kifayət qədər elm adamı iştirak edirdi, nətica olaraq xeyli sayda görüşlər keçirildi, müqavilələr imzalandı. Müxtəlif şirkətlər, elmi-tədqiqat universitetləri arasında tələbə, müəllim mübadiləsi, gələcək elmi-tədqiqatin inkişafı ilə bağlı ciddi müzakirələr aparıldı. 
Eyni zamanda, Lənkəranda çay mövsümündə böyük bir elmi tədbir keçirmək olar. Hələ 1950-ci illərdə çay Rizenin inkişafına çox böyük təkan verib, şəhər infrastrukturunun genişlənməsinə yol açıb. Türkiyə yeganə ölkələrdəndir ki, çay tədarükünü özü təmin edir. Ona görə də, Türkiyədə çayçılığın inkişafı ilə bağlı elmi tədqiqatlar mövcuddur. Biz Lənkaranda çayçılığn inkişafını təmin edə, ekoloji təmiz Lənkaran çayı markasınını dünyada tanıda biərik. Şübhəsiz ki, çay istehsalı və satışı ilə məşğul olan sahibkarlar buna dəstək olacaqlar. 
Şəki paxlavasını da tanıda bilərik. Türkiyə aereportlarında ən çox satılan Türk paxlavalarıdır. Şəki paxlavasının tarixi barədə elmi məkumat hazırlamaqla iqtisadiyyatın tarixi və fəlsəfəsini ortaya qoya bilərik. 
Hazırda dünyada iqtisadiyyat tarixininin ən böyük fikir adamlarından biri olan Adam Smitin "Millətlərin zənginliyi" kitabının 250 illiyi qeyd edilir. Smit yazırdı ki, "hər bir yırtıcı cəmiyyətin düşməni, hər bir qənaətcil insan cəmiyyətinin xeyirxahıdır". Bu məsələ özü çox ciddi müzakirə mövzusu ola bilər. 
Məlumdur ki, Nobbel qardaşları Bakıda olub. Lakin biz bunu dünyaya göstərə bilməmişik. Biz Dövlət İqtisad Universiteti olaraq Nobel Komitəsinə müraciət etmişik ki, Nobel qardaşları Azərbaycanda fəaliyyət göstərib, uğurlar əldə edib, ona görə də Nobel mükafatının təqdimatı zamanı bizim də iştirakımız təmin olunsun. 
Zəfər iqtisadiyyatı" anlayışı post-münaqişə dövründə dövlətlərin iqtisadi, siyasi və təhlükəsizlik strategiyalarını izah edən yeni elmi istiqamət kimi təqdim oluna bilər. Biz özümüz də Zəfər iqtisadiyyatı mövzusunda konfranslara ev sahibliyi etməliyik. Hazırda Taylantla Kombuciya, Rusiya ilə Ukrayna arasında münaqişələr baş verir, dünyanı müharibələr cənginə alıb. Belə bir şəraitdə biz 44 gündə işğal altında olan torpaqlarımızı azad etdik, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etdik. İndi Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatı elmi cəhətdən əsaslandırmalıyıq. Hərbi, təhlükəsizlik üzrə ekspertlər ölkəmizə dəvət edilməli, müzakirələr aparılmalıdır ki, dünyanın münaqişəli bölgələri üçün hansı addımlar atılmalıdır? Azərbaycan örnək olaraq Zəfər iqtisadiyyatı mövzusunda elmi tədbirlərə ev sahibliyi edə bilər. Bu zaman ölkəmiz həm də sülhün təminatçısı kimi çıxış etmiş olur. Şuşa şəhərində hər il Zəfər iqtisadiyyatı Forumu təşkil edərək müxtəlif ölkələrdən gəlmiş hərbi ekspertlərlə müzakirələr aparmaq olar ki, Zəfərin təminatı nədir? Dünyada sülhün bərqərar olması üçün hansı addımları atmaq olar? Bu kimi tədbirlər regionların inkişafına dəstək ola bilər. Ona görə, çeşidli rayonlarımızda keçirilən tədbirləri bilimsəl formata çevirmək gərəkdir. Çünki, bu gün dünyada və Azərbaycanda bilgi iqtisadiyyatı qurulur. Bilgi iqtisadiyyatında bilgi sahibləri üstünlük təşkil etməlidir. Əyləncə yönümlü tədbirlərdən qurtularaq müzakirələrə, biliyə yönümlü tədbirlərə üstünlük vermək lazımdır. İnsanlar nə qədər bilikli olsalar, cəmiyyət də bir o qədər çox inkişaf edər. 
Rize Ayder Forumu bir daha göstərdi ki, müasir dünyada regionların inkişafı əyləncə yox, bilik üzərində qurulmalıdır. Enerji təhlükəsizliyi, yaşıl keçid, iqtisadi suverenlik və sülh gündəliyi yalnız elmi əsaslarla dayanıqlı ola bilər. Bu baxımdan Azərbaycanın belə platformalarda fəal iştirakı və gələcəkdə ev sahibliyi etməsi strateji zərurət kimi çıxış edir.

Xəbər lenti