Logo

İnfrastrukturun real gücü onu yaradan insanların bilik, bacarıq və inkişaf potensialındadır - ekspert

16.01.2026 18:19 44 baxış
IMG

İnfrastruktur layihələri çox zaman fiziki nəticələri, yəni yol, körpü, bina və kommunikasiya xətləri ilə qiymətləndirilir. Halbuki beynəlxalq təcrübə göstərir ki, bu layihələrin real uğuru və davamlılığı texniki göstəricilərdən daha çox həmin infrastrukturu yaradan və idarə edən insanların peşəkarlıq səviyyəsi ilə müəyyən olunur. Xüsusilə bölgələrin inkişafı və genişmiqyaslı quruculuq mərhələsində bu amil həlledici əhəmiyyət daşıyır. Məhz bu nöqtədə təlim və inkişaf proqramları yardımçı mexanizm deyil, infrastruktur strategiyasının əsas dayağına çevrilir.

Bu barədə AZƏRTAC-a açıqlamasında insan resursları üzrə ekspert Aytən Şıxalıyeva söyləyib.

Onun sözlərinə görə, bölgələrdə həyata keçirilən yeni infrastruktur layihələri yalnız fiziki mühitin yenilənməsi demək deyil. Bu proses, eyni zamanda, yerli insan resurslarının inkişafı üçün real imkan yaradır. Layihələrin sürətlə icrasına başlanıldıqda, uyğun bacarıqlara malik işçi qüvvəsi əvvəlcədən hazırlanmadıqda gecikmələr, keyfiyyət problemləri və əməyin təhlükəsizliyi ilə bağlı risklər qaçılmaz olur. Bu səbəbdən inkişaf etmiş ölkələrdə infrastruktur planlaması insan resurslarının inkişaf planı ilə paralel aparılır. İri infrastruktur layihələrində bacarıq çatışmazlığı və kadr uyğunsuzluğu Dünya Bankı tərəfindən aparılan araşdırmalarda da əsas risklərdən biri kimi göstərilir.

“HR baxımından effektiv təlim və inkişaf proqramları bacarıq ehtiyaclarının dəqiq müəyyənləşdirilməsi ilə başlayır. Beynəlxalq praktikada bu yanaşma “bacarıqların xəritələnməsi” və “ səriştə modeli” modelləri üzərində qurulur. Hansı bölgədə hansı layihə üçün hansı peşələrə və hansı bacarıqlara ehtiyac olduğu əvvəlcədən aydınlaşdırılmadıqda təlimlər formal xarakter daşıyır. Təlim ehtiyaclarının real iş prosesləri və regional inkişaf hədəfləri ilə əlaqələndirilməsi isə proqramları nəticəyönümlü edir.

İkinci vacib məqam təlimlərin formasıdır. Müasir yanaşmada üstünlük moduləsaslı və praktikyönümlü təlim modellərinə verilir. Bu proqramlar yalnız texniki bilikləri deyil, eyni zamanda, təhlükəsizlik mədəniyyətini, keyfiyyət standartlarını, layihə düşüncəsini və komandada işləmə bacarıqlarını da əhatə edir. Təlimin real iş mühitində baş verməsi - “iş yerində öyrənmə” yanaşması biliklərin praktikaya daha sürətli və dayanıqlı şəkildə keçməsinə imkan yaradır. Avropa təcrübəsində bölgələrdə icra olunan infrastruktur layihələri üçün bu model xüsusilə effektiv hesab olunur”, - deyə o əlavə edib.

Ekspert qeyd edib ki, dünya təcrübəsində bölgələrin inkişafına yönəlmiş infrastruktur layihələri üçün təlim proqramları çox vaxt dövlət qurumları, təhsil müəssisələri və işəgötürənlər arasında əməkdaşlıq əsasında qurulur. Bu yanaşma bazarın real ehtiyaclarına uyğun kadr hazırlığını təmin etməklə yanaşı, təlim nəticələrinin məşğulluğa çevrilməsinə də şərait yaradır. HR baxımından bu model yerli insan kapitalının yalnız qısamüddətli quruculuq mərhələsi üçün deyil, bölgələrin uzunmüddətli sosial-iqtisadi inkişafı üçün formalaşdırılmasına xidmət edir.

“Nəticə etibarilə bölgələrin inkişafı və quruculuq layihələri çərçivəsində təlim və inkişaf proqramları infrastrukturun köməkçi elementi deyil, onun strateji uğur amilidir. Bacarıqların planlı şəkildə inkişaf etdirilməsi, praktik və davamlı təlim modelləri olmadan heç bir quruculuq prosesi dayanıqlı nəticə verə bilməz. İnfrastrukturun real gücü beton və poladda deyil, onu yaradan insanların bilik, bacarıq və inkişaf potensialındadır”, - deyə A.Şıxaliyeva fikrini yekunlaşdırıb.

Xəbər lenti